Prezident seçkiləri həftəsinə qədəm qoymuşuq. İlk baxışdan bu cümlələr adi görünə bilər. Amma bu dəfəki seçkilər mahiyyətcə fərqlidir. Əvvəla ona görə fərqlidir ki, ilk dəfə olaraq suverenliyini tam bərpa etmiş Azərbaycanın bütün ərazilərində seçki məntəqələri yaradılıb. Xankəndində, Laçında, Kəlbəcərdə, Şuşada, Zəngilanda, Füzulidə vətəndaşlar səsvermə məntəqələrinə yaxınlaşıb səs verəcəklər. Bu dəfə illərlə keçirilən seçkilərdən fərqli olaraq seçicilər qalib ölkənin vətəndaşları kimi seçki hüquqlarından istifadə edəcəklər. Qalib ölkənin qalib vətəndaşları namizədlər arasından kimi prezidentliyə layiq görür? Birmənalı olaraq cavab aydındır; hər bir azərbaycanlıya qalib dövlətin qalib vətəndaşı kimi qürurlu, fəxarətli ad bəxş etmiş Müzəffər Ali Baş Komandanı, qələbəmizin memarı İlham Əliyevi.
Bu fikirləri QHT.az-a özəl açıqlamasında “Ailə və Uşaqlara Sosial Dəstək” İctimai Birliyinin sədri Elnurə Abuşova bildirib.
Təşkilat sədri qeyd edib ki, ölkə rəhbəri İlham Əliyev hazırda reytinqcə ən yüksək zirvədədir. “Qloballaşan dünyada region dövlətlərinin hər bir vətəndaşının arzuladığı ölkə rəhbəridir. Tarixə nəzər salsaq, heç bir ölkə rəhbəri işğala məruz qalmış ərazilərini geri qaytara bilməyib, hətta məğlubiyyətləri ilə barışıb əlaqələri davam etdirənlər də var. Uzağa getməyək, elə keçmiş SSRİ-də sadaladığım hadisələr kifayət qədərdir. Onlardan fərqli olaraq Azərbaycan heç vaxt işğalçılarla barışmadı. Bütün əlaqələrdən imtina etdi. 44 günlük Vətən Müharibəsi ilə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz güclü ordusu, vətənpərvər gəncləri, onların arxasında duran mübariz xalqı ilə torpaqlarını azad etdi. “
Elnurə Abuşova əlavə edib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra üçtərəfli Bəyanat çərçivəsində Ermənistanın üzərinə düşən bir sıra öhdəliklər yerinə yetirilmirdi. Son 3 il ərzində rəsmi İrəvan Azərbaycanın Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməyə davam edirdi.
“Ötən il sentyabrın 2-də Ermənistan rəhbərliyinin qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müstəqilliyi” münasibətilə göndərdiyi təbrik, həmçinin sentyabrın 9-da keçirilmiş dırnaqarası “prezident seçkiləri” sülh prosesinə ciddi zərbə vurdu.
Bütün bu səbəblər antiterror tədbirlərini qaçılmaz etdi. Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur. İki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Yalnız bundan sonra Ermənistanla danışıqlar masası arxasında oturub onların da beynəlxalq tranzit layihələrindən yararlanmasına razılıq vermək olar. Ölkəsini, vətəndaşını, iqtisadiyyatının düzəlməsini istəyən dövlət başçısı işğal siyasətindən əl çəkməli, Azərbaycanın irəli sürdüyü şərtlərlə razılaşmalıdır.”
İctimai Birlik rəhbərinin sözlərinə görə, düşünməyə zamanları var. Hələki Azərbaycan seçkilərə hazırlaşır. Xalq öz layiqli namizədini prezident seçəcək. Yarımçıq qalan işlər var. Qələbəni əldə etmişik, torpaqlarımız işğaldan azaddır. İndi o torpaqları dirçəltmək, bütün məcburi köçkünləri öz yurd-yuvalarına qaytarmaq, yeni iş yerləri yaratmaq zamanıdır.
“Müstəqil, güclü, qalib dövlətimizin liderini, peşəkar diplomat rəhbərini ölkənin daxilində olduğu kimi xarici siyasətdə də çətin, məsuliyyətli, şərəfli fəaliyyət gözləyir. Vətəndaş olaraq hər birimiz seçkilərdə iştirak etməli, qalibiyyətə, uğura, güclü iqtisadiyyata, sabitliyə, vətəndaş məmnuniyyətinə, güclü orduya səs verməliyik! Mənim səsim sadaladığım bütün keyfiyyətləri özündə cəmləyən İlham Heydər oğlu Əliyevdir.” – deyə QHT sədri bildirib.










