Sosial Xidmətllər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Boccia İdman Federasiyasının prezidenti seçilib.
17 may 2022-ci il tarixində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsində Boccia İdman Federasiyasının Ümumi yığıncağı keçirilib. Yığıncaqda Boccia İdman Federasiyasının 2018-2021-ci illər ərzində hesabatı, Boccia İdman Federasiyasının nizamnaməsində dəyişikliklərin edilməsi, təşkilatı məsələlər: Federasiyanın prezidentinin, vitse-prezidentinin və İdarə heyətinin üzvlərinin seçilməsi müzakirə edilib.
Ümumi yığıncaqda çıxış edən Azərbaycan Milli Paralimpiya Komitəsi-nin prezidenti İlqar Rəhimov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2018-ci ildə yaradılmış Boccia İdman Federasiyasının fəaliyyətini yüksək qiymətləndirib. Bildirib ki, bocciaçılar ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edir. Komitə prezidenti qeyd edib ki, məqsəd milli komandanın Paris 2024 XVII Yay Paralimpiya Oyunlarına lisenziya əldə edərək ilk dəfə olaraq bu Oyunlarda təmsil olunmasıdır.
Boccia İdman Federasiyasının baş katibi, milli komandanın baş məşqçisi İlham Məhərrəmov Federasiyanın 2018-2021-ci il illər ərzində fəaliyyəti barədə yığıncaq iştirakçılarına məlumat verib.
Daha sonra Boccia İdman Federasiyasının nizamnaməsində əlavə və dəyişikliklər edilməsi barədə Milli Paralimpiya Komitəsinin əməkdaşı Afər Məhərrəmov məlumat verərək bildirib ki, Nizamnamədə Beynəlxalq Paralimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Beynəlxalq Boccia Federasiyasının tələbləri nəzərə alınaraq dəyişiklik və əlavələr edilib. Müzakirələrin yekunu olaraq Federasiyanın nizamnaməsinə dəyişikliklərin təsdiq edilməsi barədə qərar qəbul olunub.
Yığıncaqda təşkilati məsələlərə də baxılıb. Boccia İdman Federasiyasının üzvlərinin səsverməsi nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Federasiyanın prezidenti, İlham Məhərrəmov isə vitse-prezident vəzifəsinə seçilib.
Federasiyanın İdarə heyəti ümumilikdə aşağıdakı tərkibdə seçilib:
- Behbudov Vüqar Şəfa oğlu - prezident
- Məhərrəmov İlham Nadir oğlu - vitse prezident
- Cəfərov Ruhin Malik oğlu - üzv
- İslamov Mürsəl Ağakamil oğlu - təsisçi, üzv
- Məhərrəmov Afər Rəşid oğlu - üzv
Yığıncağın yekununda Federasiyanın yeni seçilmiş prezidenti Vüqar Behbudov iştirakçılara təşəkkürünü bildirərək qeyd edib ki, bundan sonra da boccia idman növünün ölkəmizdə daha da inkişaf etməsi, beynəlxalq yarışlarda nailiyyətlərin artması əsas hədəf olacaq.












