Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) universal səhiyyə əhatəsinin genişləndirilməsi ilə bağlı yeni kampaniyaya start verib.

QHT.az xarici mediaya istinadən bildirir ki, oktyabrın 6-da keçirilən kampaniyanın təqdimatında vətəndaş cəmiyyəti təşkilatları və gənclər də daxil olmaqla səhiyyə sahəsində fəaliyyət göstərən fəalların hökumətləri universal səhiyyə əhatəsi ilə bağlı öhdəliklərini yerinə yetirməyə çağırması üçün yeni alət və materiallarla təmin ediləcəyi bildirilib.

ÜST-nin məlumatına görə, hazırda dünya əhalisinin yarıdan çoxu əsas səhiyyə xidmətlərinə tam çıxış əldə edə bilmir. Bundan əlavə, 2,1 milyarddan çox insan tibbi xidmətlərə öz cibindən ödəniş etdiyi üçün maliyyə çətinliyi ilə üzləşir.

Kampaniyanın əsas məqsədlərindən biri tibbi xidmətlərə çıxış qarşısındakı maneələrin aradan qaldırılması, insanların ehtiyaclarına uyğun səhiyyə xidmətlərinin təmin edilməsi və yüksək tibbi xərclərdən qorunması üçün hökumətlərə çağırışların gücləndirilməsidir.

ÜST və tərəfdaş təşkilatlar vətəndaş cəmiyyətinin bu prosesdə daha fəal iştirakını vacib hesab edir. QHT-lərin və gənclərin ictimai müzakirələrdə iştirakı, maarifləndirmə və hesabatlılığın gücləndirilməsi kampaniyanın əsas istiqamətlərindən biridir.

ÜST universal səhiyyə əhatəsini hər kəsin ehtiyac duyduğu keyfiyyətli səhiyyə xidmətlərinə maliyyə çətinliyi yaşamadan çıxış əldə etməsi kimi müəyyənləşdirir.