Strasburqda keçirilən beynəlxalq qeyri-hökumət təşkilatlarının konfransında iqlim riskləri, qadınlara qarşı zorakılıq və insan hüquqları ilə bağlı məsələlər əsas müzakirə mövzularından olub.
QHT.az xarici mediaya istinadən bildirir ki, Avropa Şurasının məlumatına görə, tədbirdə 200-dən çox beynəlxalq QHT nümayəndəsi iştirak edib. Görüşlərdə vətəndaş cəmiyyətinin demokratiya və insan hüquqları qarşısında mövcud və yeni yaranan təhdidlərin aradan qaldırılmasında rolu müzakirə olunub.
Konfrans çərçivəsində Avropada iqlim riskləri ilə bağlı xüsusi strategiya sessiyası keçirilib. Müzakirələrin noyabr ayında Türkiyədə keçiriləcək COP31 konfransı ərəfəsində aparılması diqqət çəkib.
Tədbirdə həmçinin vətəndaş cəmiyyətinin fəaliyyət imkanları, insan hüquqları müdafiəçilərinin qarşılaşdığı problemlər və sosial hüquqlar məsələsi gündəmə gətirilib.
Beynəlxalq QHT-lərin konfransının 50 illiyi münasibətilə qadınlara qarşı zorakılığa qarşı mübarizə və gender bərabərliyinə həsr olunmuş xüsusi tədbirlər də təşkil edilib.












