“Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gəncədə su israfı əleyhinə maarifləndirmə” layihəsinin icrasına başlayıb.

QHT.az xəbər verir ki, layihənin əsas məqsədi Gəncə şəhərində əhali arasında su ehtiyatlarından səmərəli istifadə vərdişlərinin formalaşdırılması, su israfının azaldılması və ekoloji məsuliyyətli davranışların təşviq edilməsi yolu ilə su resurslarının qorunmasına töhfə verməkdir.

Məlumdur ki, son illərdə iqlim dəyişikliyi ilə bağlı su qıtlığı bütün dünyada baş verir və Azərbaycan, o cümlədən Gəncə də kənarda qalmır. Xüsusilə şirin su mənbələrinin azalması əsas risklərdəndir. Layihə çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində professor-müəllim heyəti və tələbələrlə görüş keçirilib.

Görüşdə layihənin məqsədi haqqında məlumat verilib. Azərbaycanın su ehtiyatları barədə məlumat verilib və çarx nümayiş etdirilib. Sonra Gəncədə su ehtiyatı və mənbələri haqqında, Gəncədə su sistemi sahəsində real vəziyyət və gələcək planlar haqqında da məlumat verilib.

SECAP üzrə hazırlanmış hesabat auditoriyaya təqdim edilib. Görüşdə “Meliorasiya mühəndisliyi” ixtisasında tədris aparan professor-müəllimlər, fakültə dekanı, tələbələri iştirak ediblər. Onların nəzərinə çatdırılıb ki, sudan ehtiyatla istifadə edilməsində gənclərin və yeniyetmələrin, onların vasitəsilə digər ailə üzvlərinin maarifləndirilməsi yolu ilə daha çox Gəncə əhalisinin maarifləndirilməsi əsas hədəflərdəndir.

Layihə fəaliyyəti davam edir.