"Qaradağ rayonunun Müşviqabad qəsəbəsində heyvana qarşı törədilən amansızlıq cəmiyyətdə ciddi narahatlıq yaratmalıdır. Heyvana işgəncə vermək və onu öldürmək sadəcə heyvana qarşı törədilmiş bir qəddarlıq deyil, eyni zamanda insanın zorakılığa və mərhəmətsizliyə münasibəti baxımından ciddi siqnaldır. Bu insanlar armızda rahat yaşayan gizli qatillərdir".

Bu fikirləri "Davamlı Turizmi İnkişafına Dəstək" İctimai Birliyinin sədri Nərminə Qəribova QHT.az-a açıqlamasında bildirib.

N.Qəribovanın sözlərinə görə, məsələnin bu istiqamətdə də qiymətləndirilməsi vacibdir:

Belə cinayətlərə yalnız cərimə və ya qısa müddətli inzibati həbs tədbiri ilə yanaşmaq problemin kökünü həll etməyə bilər. Heyvanlara qarşı qəsdən işgəncə verən və bundan zövq alan şəxslərin psixi vəziyyəti mütləq mütəxəssislər tərəfindən qiymətləndirilməli, qanunvericiliyin imkan verdiyi tibbi və təhlükəsizlik tədbirləri tətbiq olunmalıdır.

Nərminə Qəribova bildirib ki, yanaşmanın əsasını daha geniş ictimai təhlükəsizlik prinsipi təşkil etməlidir:

Məqsəd yalnız cəzalandırmaq deyil, həm də cəmiyyəti qorumaq, mümkün psixi problemləri vaxtında müəyyənləşdirmək və müalicəni təmin etməkdir. İnsanların təhlükəsizliyi ilə yanaşı, heyvanların da müdafiəsi ciddi şəkildə təmin edilməlidir.

Sədr vurğulayıb ki, bu məsələdə maarifləndirmə və məsuliyyətin formalaşdırılması da diqqətdə saxlanılmalıdır:

Bu məsələdə hüquqi məsuliyyətin qaçılmaz və adekvat olması həm də mühüm tərbiyəvi mesaj verir. Valideynlər və uşaqlar bilməlidirlər ki, heyvana qarşı törədilən qəddarlıq “adi bir hərəkət” və ya “uşaq zarafatı” kimi qiymətləndirilməyəcək və belə davranışın hüquqi nəticələri ağır olacaq. Ancaq cəzanın sərtləşdiyi təqdirdə insanlar bu əməllərin ciddiliyinin fərqinə varacaq və daha məsuliyyətlə yanaşacaq. Cəmiyyət heyvana qarşı zorakılığa laqeyd qalmamalıdır. Çünki mərhəmət və vicdan yalnız insana münasibətdə deyil, canlı olan hər bir varlığa münasibətdə özünü göstərir.

N.Qəribovanın sözlərinə görə, cəmiyyətin bu məsələyə münasibəti prinsipial olmalıdır:

Heyvanlara qarşı amansızlıq cəmiyyətin görməməzliyə vuracağı məsələ deyil, qarşısı alınmalı, araşdırılmalı və qanun çərçivəsində ciddi tədbirlər görülməli məsələdir.

Nərminə Qəribova sonda qeyd edib ki, heç bir cana qarşı cinayət cəzasız qalmamalıdır.