Özbəkistanda ətraf mühitin qorunması və dayanıqlı inkişaf istiqamətində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
QHT.az xarici mediaya istinadən bildirir ki, oktyabrın 6-da Daşkənddə Mərkəzi Asiya Regional Ekoloji Mərkəzinin (CAREC) Özbəkistan filialı ilə “Ecolog” İctimai Birliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.
Sənəd ətraf mühitin mühafizəsi, dayanıqlı inkişaf və ekoloji problemlərin həllində vətəndaş cəmiyyəti təşkilatlarının iştirakının artırılmasını nəzərdə tutur.
Əməkdaşlıq çərçivəsində iqlim dəyişmələri, su ehtiyatlarının qorunması və səmərəli istifadəsi, biomüxtəlifliyin mühafizəsi, çirklənmənin qarşısının alınması, torpaqlardan dayanıqlı istifadə, enerji səmərəliliyi və ekoloji maarifləndirmə kimi istiqamətlərə diqqət yetiriləcək.
Bundan başqa, gənclərin, yerli icmaların və könüllülərin ekoloji təşəbbüslərə cəlb edilməsi, birgə tədqiqatların, seminarların, təlimlərin və ictimai müzakirələrin keçirilməsi planlaşdırılır.
Tərəflər həmçinin milli, regional və beynəlxalq tərəfdaşlar və donorlar üçün birgə layihə təkliflərinin hazırlanmasını nəzərdə tuturlar. Əməkdaşlığın üç il müddətində qüvvədə olacağı bildirilib.












