Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi (KİFYİB) arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Sənəd İSİM və KİFYİB arasında ikitərəfli əməkdaşlığın çərçivələrini müəyyən edir.
Memorandum İSİM-in baş direktoru Səbinə Babazadə və KİFYİB-in sədri Səadət Bayramova tərəfindən imzalanıb. Bu əməkdaşlıq Azərbaycanda kistik fibroz xəstələrinin və digər nadir (orfan) xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqlarının müdafiəsi, onlara göstərilən tibbi-sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi, əhalinin bu istiqamətdə maarifləndirilməsi istiqamətində birgə fəaliyyəti əhatə edir.
Əməkdaşlıq çərçivəsində nadir xəstəliklərin profilaktikası, erkən diaqnostikası və müalicəsi üzrə əhali və tibb işçilərinin maarifləndirilməsi, cəmiyyətdə sosial məsuliyyət və məlumatlılıq səviyyəsinin artırılması, habelə nadir xəstəliklərdən əziyyət çəkən şəxslərə və onların ailələrinə psixoloji, sosial və tibbi dəstək mexanizmlərinin təşkili və s. fəaliyyətlər nəzərdə tutulur.

Həmçinin, dövlət proqramları və milli fəaliyyət planlarından irəli gələn, sağlamlıq göstəricilərinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin icrası əməkdaşlığın prioritet istiqamətlərini təşkil edir.