“Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən 2023-cü il avqust ayından etibarən “Yetkinlik yaşına çatmayan Məhkumların sosial-psixoloji reabilitasiyası, hüquqi yardım xidmətlərinin təşkili və cəmiyyətə reinteqrasiya” layihəsi davam edilməkdədir.

Birlikdən QHT.az-a verilən məlumata görə, layihə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə əməkdaşlıqda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunur. Oktyabrın 18-də Yuvenal Ədliyyə Mərkəzində qeydiyyatda olan yetkinlik yaşına çatmayanlarla “Uşaqların əmək hüquqlarının tənzimlənməsi” mövzusunda növbəti qrup müzakirəsi keçirilib.

Görüşdə Mərkəzin hüquqşünası yetkinlik yaşına çatmayanların əmək hüququnun yaranması və həyata keçirilməsi haqqında məlumat verib. Sonra isə uşaqların işləməsinin onların yaşına, sağlamlıq vəziyyətlərinə, ümumtəhsil və peşə hazırlığı səviyyələrinə uyğunluğunun vacibliyini bildirib. Bununla yanaşı, hər kəsin öz hüquqlarını barədə məlumatlı olması, öz hüquq və vəzifələrini bilərək gələcəyə doğru inkişaf yolunda mübarizə aparmaları barədə müzakirələr aparılmışdır.

Qeyd edək ki, görüşün sonunda əmək fəaliyyəti ilə məşğul olan uşaqların hazırda iş yerlərində rastlaşdıqları problemlərlə bağlı ünvanladıqları suallar cavablandırılıb, hüquqi yardıma ehtiyacı olan bir neçə uşağa dəstək üçün fəaliyyətə başlanılıb.

 

Pərvanə Fərhadqızı