USAID-in SOSIAL-İQTISADI İNKİŞAF FƏALİYYƏTİ PROQRAMI BAŞA ÇATMIŞDIR
Bu gün Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) layihəsi çərçivəsində İcma İnkişafı üzrə keçirilən Beşinci Konfransda Azərbaycan xalqı və hökuməti ilə əməkdaşlığının on illiyini qeyd etmişdir. 10 illik SEDA proqramı Azərbaycanın bölgələrində sosial-iqtisadi inkişafı sürətləndirmək üçün vətəndaş iştirakının yaxşılaşdırılmasına və vətəndaşlarla dövlət qurumları arasında tərəfdaşlığın gücləndirilməsinə töhfə vermişdir. SEDA USAID tərəfindən maliyyələşdirilmiş, o cümlədən 31 dekabr 2017-ci il tarixinə qədər Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşdirilmişdir. SEDA layihəsi ABŞ-da yerləşən qeyri-kommersiya təşkilatı olan “East-West Management Institute, Inc.” (EWMI) tərəfindən İqtisadiyyat Nazirliyi ilə sıx əməkdaşlıq şəraitində həyata keçirmişdir.
SEDA layihəsi çərçivəsində icma üzvləri USAID-in dəstəyi ilə icmalarının inkişafı ilə bağlı problemlərin müəyyən edilməsində fəal rol oynamış və bu problemləri həll etmək üçün yerli hökumət və özəl sektorla birlikdə işləmişlər. USAID, SEDA layihəsi vasitəsi ilə Azərbaycanın altı bölgəsində iş aparmış, 177 icmada bacarıqların artırılmasına dəstək vermiş və icma tərəfindən idarə olunan 196 sosial-iqtisadi layihə hazırlamış və həyata keçirmişdir. Bunun üçün USAID İqtisadiyyat Nazirliyi, icra hakimiyyətləri, bələdiyyələr və digər dövlət qurumları, özəl sektor və icmaların özləri ilə sıx əməkdaşlıq etmişdir.
Bugünkü konfrans icma üzvləri, yerli və mərkəzi hökumət qurumlarının əməkdaşları, özəl sektorun nümayəndələri, tədqiqatçılar və donorların dəstəklədiyi proqramlar arasında indiyədək əldə olunmuş nəticələr və Azərbaycanda icma inkişafı ilə bağlı yeni tendensiyalar haqqında təcrübə və fikir mübadiləsi aparmaq üçün forum rolunu oynamışdır. Konfrans iştirakçıları SEDA-nın çoxsaylı və on illik icrasından sonra davam edən nailiyyətlərini vurğulamışlar.
USAID, SEDA proqramının bir çox uğurları ilə fəxr edir. İcrası başa çatdırılmış SEDA layihələrinə aşağıdakılar daxildir:
- 49 kənd təsərrüfatı bazarı və yem emalı, bal emalı obyektləri, süd toplama məntəqəsi, meyvə qurutma və inkubator qurğuları inşa edilmişdir;
- 47 su təchizatı sistemi təkmilləşdirilmişdir (məişət xidməti, suvarma və içməli su təmin edən);
- 32 kənd yolu təmir edilmişdir;
- 25 tibb müəssisəsi yaradılmışdır; ·
- 17 kitabxana, məktəb və uşaq bağçası bərpa edilmişdir;
- 13 icma mərkəzi, istirahət məkanı, idman qurğusu və səyyar çadır inşa edilmişdir;
- 9 elektrik təchizatı sistemi təkmilləşdirilmişdir;
- 3 yaşayış və mədəniyyət evinin damları yenilənmişdir;
- 1 xalçaçılıq emalatxanası inşa edilmişdir.
USAID-in Missiya Rəhbəri Dr. Jaidev Singh-in sözlərinə görə, “SEDA Amerika xalqının və USAID-in Azərbaycan xalqı və Azərbaycan Hökuməti ilə dostluğuna sadiqliyinin nümunəsidir. USAID, Azərbaycan hökumətinin vətəndaşlarla əməkdaşlığını dəstəkləməyə; hökumətə daha şaxələnmiş və davamlı iqtisadiyyat yaratmaqda kömək etməyə; həm Azərbaycan, həm də Amerika xalqına xidmət edən uzunmüddətli tərəfdaşlığın əsasını formalaşdırmaq üçün inkişaf dialoqundan istifadə etməyə davam edir.”
İqtisadiyyat Nazirliyinin Regional İnkişaf Şöbəsinin müdiri Hikmət Nəbiyev USAID ilə Azərbaycan hökuməti arasında ölkənin bölgələrdə inkişafın sürətləndirilməsinə təkan vermiş əsaslı və davamlı əməkdaşlığa görə məmnunluğunu ifadə etmişdir.
EWMI prezidenti cənab Adrian Hewryk isə SEDA-nın ən əhəmiyyətli mirasının vətəndaşlarla yerli hökumət arasında dialoqun gücləndirilməsi olduğunu və bunun gələcək illərdə icmaların sosial-iqtisadi rifahını yaxşılaşdıracağını bildirmişdir.





















