Azərbaycanda televiziya verilişlərində iştirak edən QHT ekspertlərinə qonorar verilməsi təklif olunur.
QHT.az “Report”-a istinadən xəbər verir ki, bu təkliflə Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli Milli Məclisdə “Parlament-QHT əməkdaşlığının gücləndirilməsi” mövzusunda keçirilən ictimai dinləmədə çıxış edib.
O deyib ki, televiziyalarda ekspertlər üçün qonorar fondu yaradılmalıdır.
“Həmin fondun maliyyəsi hesabına verilişə dəvət olunan QHT ekspertlərinə əməyinə görə qonorar verilməlidir. Çünki biz saatlarla çıxış edib fikirlərimizi bildiririk”, - İ.Hüseynli söyləyib.
O, eyni zamanda, QHT-lərin ofislə bağlı ciddi problemlərinin olduğunu bildirib: “Bəllidir ki, bu yaxınlarda siyasi partiyalara ofislər verildi. Lakin 2014-cü ildən sonrakı müddətdə QHT-lərin ofisləri maddiyyat ucbatından bağlandı. Təklif edirəm ki, az ödənişlə ofislə təminatımıza imkan yaradılsın. Bundan başqa, QHT-lər üçün dövlət tərəfindən ayrılan 9000 manatlıq qrantdan Dövlət Sosial Müdafiə Fonduna və vergiyə ödənən 25 %-lik ödəniş ləğv olunmalıdır”.












