Türkiyənin ilk Milli Elektrikli Yüksək Sürətli Qatarında mühüm mərhələ geridə qalıb. Saatda 225 kilometr sürətlə hərəkət etməsi planlaşdırılan qatar sınaqlar zamanı 250 km/saat sürətə çataraq nəzərdə tutulan göstəricini əhəmiyyətli dərəcədə üstələyib.

Türkiyə mətbuatının məlumatına görə, Milli Elektrikli Yüksək Sürətli Qatar Dəstinin dinamik təhlükəsizlik sınaqları Əskişəhər–Polatlı marşrutu üzrə davam edir. Nəqliyyat və İnfrastruktur naziri Əbdülkadir Uraloğlunun açıqladığı məlumata əsasən, qatar daha əvvəl 240 km/saat sürət həddini də keçib.

QHT.az xarici mediaya istinadən bildirir ki, son sınaqda 250 km/saat göstəricisinə çatan qatarın təhlükəsizlik, etibarlılıq və texniki performans imkanları yoxlanılır.

75 faiz yerli istehsal

Milli Elektrikli Yüksək Sürətli Qatar Türkiyə Dövlət Dəmir Yollarının (TCDD) törəmə şirkəti olan TÜRASAŞ tərəfindən Sakaryada istehsal edilir. Qatarın yerli komponentlər üzrə payının 75 faiz olduğu bildirilir.

Layihə çərçivəsində 2028-ci ilə qədər 15 qatar dəstinin istehsalı nəzərdə tutulur.

577 sərnişin tutumu var

Milli Elektrikli Yüksək Sürətli Qatar 8 vaqondan ibarətdir və ümumilikdə 577 sərnişin daşıya bilir. Qatarın aerodinamik səmərəliliyinin artırılması məqsədilə yüngül və davamlı alüminium gövdədən istifadə edilib.

Sertifikatlaşdırma və yoxlama prosesləri tamamlandıqdan sonra qatarın sərnişin daşımalarına başlaması planlaşdırılır.

Layihənin tam istifadəyə verilməsi ilə Türkiyənin yüksək sürətli qatar texnologiyasında öz imkanlarını genişləndirməsi və gələcəkdə bu tip qatarları xarici bazarlara ixrac edən ölkələr sırasına daxil olması hədəflənir.