Ağdam şəhərinə Böyük Qayıdış çərçivəsində köç prosesi davam edir. Artıq yüzlərlə ailə doğma şəhərinə qayıdaraq burada yeni həyata başlayıb. Şəhərdə aparılan genişmiqyaslı quruculuq işləri, yaradılan müasir infrastruktur və yeni iş imkanları Ağdamın yenidən mühüm yaşayış və iqtisadi mərkəzlərdən birinə çevrilməsinə zəmin yaradır.

“Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin rəhbəri, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov QHT.az-a açıqlamasında Ağdam şəhərinə köç prosesi və şəhərdə aparılan quruculuq işlərindən danışıb.

Anar Xəlilov bildirib ki, bu gün həyata keçirilən köç də nəzərə alınmaqla, ümumilikdə Ağdam şəhərinə 931 ailə, 3363 nəfər köçürülüb.

“İctimai Şura olaraq püşkatma prosesi zamanı Ağdama köçən vətəndaşlarımızın böyük sevinc hissini daim izləmişik. Ağdamlılar cənab Ali Baş Komandana, ordumuza daim dualar edib, şəhidlərimizə rəhmət diləyiblər”, – deyə o qeyd edib.

İctimai Birliyin rəhbəri vurğulayıb ki, bu gün Ağdamda genişmiqyaslı yenidənqurma işləri həyata keçirilir və şəhər müasir tələblərə cavab verən şəkildə yenidən qurulur.

“Bu gün Ağdam yenidən qurulur. Müasir tələblərə cavab verən şəhər salınır. İnfrastruktur ən müasir tələblərə cavab verən tərzdə yenidən yaradılır. Yeni iş yerləri yaradılır. Sənaye parkı tikilib istifadəyə verilib”, – Anar Xəlilov bildirib.

Onun sözlərinə görə, Ağdamın bərpası və sakinlərin doğma şəhərlərinə qayıdışının təmin olunması istiqamətində aidiyyəti dövlət qurumları üzərlərinə düşən vəzifələri yerinə yetirmək üçün mühüm işlər həyata keçirirlər.

“Əlaqədar dövlət qurumları öz üzərlərinə düşən işin yerinə yetirilməsində səylərini davam etdirirlər. Dövlət Komitəsi də Böyük Qayıdış Dövlət Proqramına uyğun olaraq üzərinə düşən missiyanı uğurla və şəffaf şəraitdə həyata keçirir”, – deyə A.Xəlilov vurğulayıb.

O əlavə edib ki, Ağdamda həyata keçirilən quruculuq işləri yalnız insanların doğma yurdlarına qayıdışını deyil, həm də onların burada rahat, təhlükəsiz və layiqli həyat şəraitinin təmin olunmasını qarşıya məqsəd qoyur.