Avropa Komissiyası ChatGPT, Reddit və Roblox platformalarının Avropa İttifaqının (Aİ) “çox böyük onlayn platformalar” üçün müəyyən etdiyi qaydalara tabe olacağını açıqlayıb.
QHT.az xarici mediaya istinadən bildirir ki, bu platformaların Aİ-də aylıq istifadəçi sayı 45 milyondan çoxdur. Buna görə də onlar Rəqəmsal Xidmətlər Aktı (DSA) çərçivəsində “çox böyük” platforma statusu alıblar.
Şirkətlər yeni tələblərə uyğunlaşmaq üçün dörd ay ərzində tədbirlər görməlidirlər. Buraya qanunsuz məzmunun yayılması risklərinin azaldılması, yetkinlik yaşına çatmayanların qorunması, istifadəçilərin fiziki və psixi rifahına mənfi təsirlərin qarşısının alınması daxildir.
Bundan əlavə, platformalar fundamental hüquqlar, seçki prosesləri və ictimai təhlükəsizliklə bağlı riskləri də azaltmalıdır. Avropa Komissiyası isə onların DSA tələblərinə əməl etməsinə nəzarət edəcək.
Aİ ChatGPT-ni onlayn axtarış sistemi, Reddit və Roblox-u isə istifadəçilərin üçüncü tərəf məzmunu paylaşmasına imkan verən onlayn platformalar kimi təsnif edib.












