Azərbaycan Prezidentinin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirakı və səfər çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü Azərbaycan-Ermənistan münasibətlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Bu fikirləri Mübariz Göyüşlü, Müasir İnkişaf Birliyinin sədri, Crossmedia.az-ın baş redaktoru, siyasi şərhçi QHT.az-a açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan Prezidentinin ŞƏT toplantısında iştirakı təşkilatla Azərbaycan arasında əlaqələrin daha da inkişaf etdirilməsi baxımından mühüm hadisədir:

“Görüşdə parlamentarilərin və ictimaiyyət nümayəndələrinin də iştirakı diqqət çəkən məqamlardandır. Bu səfər çərçivəsində Azərbaycan Prezidentinin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü də mühüm əhəmiyyət kəsb edən məqam kimi diqqətə gəldi. Azərbaycan və Ermənistan arasında münasibətlərin və etimadın bərpasında hər iki tərəfin parlamentarilərinin, qeyri-hökumət təşkilatlarının aktiv iştirakı mühüm rol oynaya bilər”.

Mübariz Göyüşlünün sözlərinə görə, Azərbaycan və Ermənistan arasında uzun müddət davam edən müharibə, gərginlik və qarşılıqlı narahatlıqlar iki ölkənin xalqları arasında etimadın zədələnməsinə səbəb olub:

“Təbii ki, həm millət vəkillərinin, həm də qeyri-hökumət təşkilatlarının xalqlar və dövlətlər arasında etimadın bərpasında xüsusi rolu var. Jurnalistləri də bu siyahıya əlavə etmək olar. Medianın da QHT-lərlə yanaşı, vətəndaş cəmiyyəti institutlarının bir hissəsi kimi proseslərə töhfəsi böyükdür”.

Siyasi şərhçi qeyd edib ki, artıq bu istiqamətdə müəyyən addımlar atılıb. Onun sözlərinə görə, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Ermənistana, eləcə də Ermənistan nümayəndələrinin Azərbaycana səfərləri baş tutub, qarşılıqlı görüşlər keçirilib və müxtəlif məsələlər müzakirə olunub.

“İndi bu prosesi daha da genişləndirmək mümkündür. Artıq iki ölkənin liderləri arasında siyasi iradə ortaya qoyulur. Gələcəkdə daha geniş formatda görüşlərin, müzakirələrin və vətəndaş cəmiyyəti təmaslarının keçirilməsinin şahidi ola bilərik”, – deyə Mübariz Göyüşlü vurğulayıb.