Salyanda “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Ənənələrə sadiqlik, israfdan uzaq” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib. Tədbirdə toy və yas mərasimlərində israfçılığın azaldılması, milli-mənəvi dəyərlərin qorunması və cəmiyyətdə daha sadə mərasim mədəniyyətinin formalaşdırılması məsələləri müzakirə olunub.

QHT.az xəbər verir ki, tədbirdə Salyan Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və İctimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Məhərrəm Məmmədov çıxış edərək bildirib ki, “Ənənələrə sadiqlik, israfdan uzaq” mövzusu cəmiyyət üçün olduqca aktualdır və milli-mənəvi dəyərlərin qorunması, sağlam ailə ənənələrinin yaşadılması, israfçılığın qarşısının alınması istiqamətində maarifləndirmə tədbirlərinin keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

Tədbirdə çıxış edən “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin sədri və layihə rəhbəri Akif Kərimov əsas diqqəti yas mərasimlərində israfçılığın azaldılmasına yönəldib. O, dini xidmət göstərən şəxslərin fəaliyyətinin rəsmiləşdirilməsi və əldə etdikləri gəlirdən qanunvericiliyə uyğun vergi ödəməsini təklif edib. A.Kərimov yas mərasimlərində böyük yemək süfrələri əvəzinə daha sadə yanaşmanın tətbiq olunmasını, xərclənən vəsaitin isə yol, məktəb, infrastruktur və digər ictimai layihələrə yönəldilməsini məqsədəuyğun hesab etdiyini bildirib.

A.Kərimov qida israfının da ciddi problem olduğunu vurğulayaraq toy və digər məclislərdə daha ölçülü və qənaətcil yanaşmanın vacibliyini qeyd edib. Onun fikrincə, həm toy, həm də yas mərasimlərində israfın azaldılması və insanların qazandıqları vəsaiti daha faydalı istiqamətlərə yönəltməsi təşviq olunmalıdır.

“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının vitse-prezidenti, kulturoloq, publisist və siyasi icmalçı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əbülfəz Babazadə isə bildirib ki, cəmiyyətdə mənfi proseslərə qarşı yalnız təbliğat aparmaq kifayət deyil, insanlarda mənəvi və mədəni immunitet formalaşdırılmalıdır. Onun sözlərinə görə, dəyişiklik ilk növbədə insanın özündən başlamalı, hər kəs davranışı ilə nümunə göstərməlidir.

Ə.Babazadə toy və yas mərasimlərinə münasibətin cəmiyyətin mənəvi vəziyyətini əks etdirdiyini deyib. O, toyların bəzən bayramdan daha çox ailələr üçün maddi yükə çevrildiyini, insanların “nə qədər pul aparmalıyam?” düşüncəsi ilə hərəkət etdiyini bildirib. Kulturoloq toy mərasimlərinin yenidən səmimiyyət və xeyir-dua məkanı kimi qəbul edilməsinin vacibliyini vurğulayıb.

Ə.Babazadə digər xalqların müsbət təcrübələrindən yararlanmağın vacibliyini də qeyd edib. O bildirib ki, xarici təcrübələr milli-mənəvi dəyərlərlə uzlaşdırılmalıdır. Yas mərasimlərində isə nümayiş və israf əvəzinə ehtiyacı olan insanlara fayda verəcək yanaşmaların seçilməsinin daha məqsədəuyğun olduğunu söyləyib.

Tədbirdə çıxış edən “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə layihənin əsas məqsədinin adət-ənənələrə sadiqliyi qorumaqla yanaşı, israfçılığın qarşısının alınması olduğunu bildirib. O qeyd edib ki, xüsusilə toy və yas mərasimlərində israfçılıq cəmiyyət üçün aktual problemlərdəndir. C.Hüseynzadə bu məsələnin yalnız dövlət qurumlarının deyil, ziyalıların, din xadimlərinin, müəllimlərin, bələdiyyələrin və bütövlükdə cəmiyyətin məsuliyyəti olduğunu vurğulayıb.

C.Hüseynzadə yas mərasimlərində ehsanın özünə qarşı olmadıqlarını, əsas məqsədin mərasimlərin ziyafət xarakteri almasının və israfçılığın qarşısının alınması olduğunu deyib. Onun sözlərinə görə, bəzi ailələr cəmiyyətin formalaşdırdığı gözləntilər səbəbindən borca düşərək dəbdəbəli ehsan verməyə məcbur qalırlar. O, imkanlı şəxslərin daha sadə yas mərasimləri keçirməklə cəmiyyətə nümunə ola biləcəyini qeyd edib. Toylarda həddindən artıq qida təqdim edilməsinin isə həm maliyyə itkisinə, həm qida tullantılarının yaranmasına, həm də ətraf mühitə mənfi təsir göstərdiyini bildirib.

Rayon Ziyalıları Cəmiyyətinin sədri Allahverdi Piriyev adət və mərasimlərin cəmiyyətin inkişafına uyğun şəkildə tənzimlənməsinin vacibliyini vurğulayıb. O bildirib ki, dinlə zamanla formalaşmış adətləri bir-birindən fərqləndirmək lazımdır. Din müqəddəs dəyər olsa da, adətləri insanlar yaradır və cəmiyyət inkişaf etdikcə həmin adətlərə yeni yanaşmalar formalaşdırılmalıdır.

A.Piriyev Salyanda yas mərasimlərinin illər ərzində evlərdən həyətə, küçəyə və çadırlara keçərək miqyasının genişləndiyini bildirib. Onun sözlərinə görə, zamanla mərasimlərdə israfçılıq da artıb. O, yas mərasimlərinin müəyyən çərçivədə keçirilməsini, mərhumun ailəsinin və xüsusilə ehtiyacı olan yaxınlarının qayğısının ön plana çəkilməsini təklif edib. A.Piriyev həmçinin hörmətin çəkilən xərclə ölçülməməli olduğunu vurğulayıb.

Rayon Ziyalıları Cəmiyyətinin sədri Naxçıvanda qəbir daşlarının sadə və eyni üslubda hazırlanmasını nümunəvi yanaşma kimi qiymətləndirib. O, cəmiyyətdə müsbət dəyişiklik yaratmaq üçün ilk növbədə hər kəsin öz davranışı ilə nümunə olmasının vacibliyini bildirib. A.Piriyev Salyanın tarix və ənənələrinin qorunması ilə yanaşı, zamanın tələblərinə uyğun yeni yanaşmaların formalaşdırılmasının zəruriliyini qeyd edib.

Tədbirdə çıxışlarda ümumi olaraq vurğulanıb ki, toy və yas mərasimlərinin əsas mahiyyəti maddi nümayiş və israf deyil, səmimiyyət, mənəvi dəyərlər və insanların bir-birinə dəstəyidir. İştirakçılar cəmiyyətdə bu istiqamətdə dəyişikliklərin yaradılması üçün maarifləndirmə ilə yanaşı, şəxsi nümunənin də mühüm əhəmiyyət daşıdığını bildiriblər.