İranın Naxçıvana dron zərbələri beynəlxalq hüququn pozulması və suveren ölkənin haqlarına açıq təcavüz hesab olunur. Azərbaycan bu hadisələrdə heç bir tərəf olaraq iştirak etməyib və milli təhlükəsizliyini qorumağa yönəlib.
QHT.az-a açıqlamasında politoloq Turan Rzayev bildirib ki, İranın Naxçıvana dron zərbələri beynəlxalq hüququn pozulmasıdır.
O vurğulayıb ki, Azərbaycan İrana qarşı heç bir siyasi, iqtisadi və diplomatik kampaniyada iştirak etməyib, eləcə də belə təzyiq kampaniyalarının bir hissəsi deyil. “Azərbaycan İrana zərbə endirilən ölkələrdən deyil. Ölkəmizdə İranın və Amerikanın hərbi bazaları yoxdur. Buna baxmayaraq, faktiki olaraq İran tərəfindən zərbəyə məruz qaldıq. Öncədən isə İran Azərbaycanda Amerika və İsrail hərbi bazalarının olduğuna dair dezinformasiyalar yayırdı”, – deyə politoloq bildirib.
Turan Rzayev əlavə edib ki, Azərbaycan suveren və milli təhlükəsizliyini qoruyan ölkədir: “Azərbaycan ordusu qalib ordudur, dünyanın ən nizamlı və peşəkar ordularından biridir. Cənab Prezident Təhlükəsizlik Şurasının iclasında açıq xəbərdarlığını etdi. Biz İrana qarşı müdaxilənin bir parçası olmaq niyyətində deyilik və hansısa ölkənin ərazilərinin işğalına da barışmırıq. Bizə dəymədiyi təqdirdə biz heç nəyə toxunmarıq.”
Zəhra Ağayeva












