Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli QHT.az-a açıqlamasında bildirib ki, son illərdə ölkəmizdə uşaq bağçalarının sayı əhəmiyyətli dərəcədə artsa da, uşaqların real tələbatını tam şəkildə ödəmək hələ mümkün deyil.

Onun sözlərinə görə, xüsusilə böyük şəhərlərdə və region mərkəzlərində bağçalarda yer çatışmazlığı valideynlər üçün ciddi çağırış olaraq qalır:

"Bu, təkcə valideynlərin gündəlik həyatına təsir etmir, həm də uşaqların vaxtında və keyfiyyətli sosial və təhsil mühitinə çıxışını məhdudlaşdırır."

Ekspert qeyd edib ki, bu sahədə dövlət və ictimai təşəbbüslər mühüm rol oynayır. Son illərdə regionlarda yeni bağçaların açılması istiqamətində ciddi addımlar atılıb. Heydər Əliyev Fondu, Mehriban Əliyevanın təşəbbüsü ilə bir çox bağçaların tikilməsi və istifadəyə verilməsi layihələrini həyata keçirib. Bu təşəbbüslər yalnız infrastrukturla məhdudlaşmır, həm də müasir təhsil proqramlarının tətbiqi və uşaqlar üçün təhlükəsiz, stimullaşdırıcı mühitin yaradılmasını təmin edir.

Ə.Həsənli vurğulayıb ki, özəl bağçalara maraq da artmaqdadır:

"Dövlət valideynlərə dəstək mexanizmi tətbiq edir. Ödənişin bir hissəsi dövlət tərəfindən qarşılanır, digər hissə isə valideynlərin öhdəliyində qalır. Bu yanaşma həm seçim imkanlarını artırır, həm də bağçaların əhatə dairəsini genişləndirir."

Təhsil eksperti hesab edir ki, ölkəmizdə uşaq bağçalarının inkişafı sahəsində görülən işlər həm sosial məsuliyyətin, həm də gələcək nəsillərə investisiyanın nümunəsidir. Onun fikrincə, valideynlər üçün əlçatanlıq və uşaqların məktəbəqədər təhsilə çıxış imkanlarının genişləndirilməsi təhsil siyasətinin prioritet istiqamətlərindəndir və yaxın illərdə bu sahədə daha çox addımlar atılacaq.

 

Pərvanə Fərhadqızı