İrlandiya məktəblərdə və icmalarda Dayanıqlı İnkişaf üçün Təhsil layihələrinin dəstəklənməsi məqsədilə 624 523 avro vəsait ayırıb.
QHT.az xarici mediaya istinadən bildirir ki, İrlandiyanın Təhsil və Gənclər naziri Hildegarde Naughton 2026–2027-ci tədris ili üçün 27 təşkilata qrant ayrıldığını açıqlayıb. Qrantların məbləği 6 325–25 min avro arasında dəyişir.
Maliyyələşmə ölkənin “2030-cu ilədək Dayanıqlı İnkişaf üçün Təhsil” strategiyası çərçivəsində həyata keçirilir. Layihələr ətraf mühitin qorunması, iqlim dəyişikliyi, biomüxtəliflik, su ehtiyatlarının qorunması və icma dayanıqlılığı kimi istiqamətləri əhatə edir.
Dəstəklənən proqramlar şagirdlərin praktiki fəaliyyətlərdə iştirakına, yeni tədris resurslarının hazırlanmasına və müəllimlərin peşəkar inkişafına imkan yaradacaq. Məqsəd gənclərdə dayanıqlı inkişafla bağlı bilik və bacarıqları artırmaqdır.
Qeyd edək ki, 2025-ci ildə də bu istiqamətdə maliyyələşmə 21 təşkilatı əhatə edib və 97-dən çox məktəb, 2 500-dən artıq müəllim və 300 mindən çox şagird layihələrə cəlb olunub.
İrlandiya hökuməti yeni maliyyələşmə ilə iqlim və ətraf mühitlə bağlı məlumatlılığın artırılmasını və gənclərin dayanıqlı icmaların qurulmasında fəal iştirakını dəstəkləməyi hədəfləyir.






