QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək (ƏSMİD) İctimai Birliyi tərəfindən həyata keçirilən “Bacarıqdan Peşəyə, Peşədən Məşğulluğa” layihəsi çərçivəsində növbəti kulinariya təlimi keçirilib.
Layihə çərçivəsində təşkil olunan 13-cü təlim Azərbaycan milli mətbəxinin ənənəvi təamlarından biri olan göy qutabının hazırlanmasına həsr olunub.
Təlim zamanı iştirakçılara Azərbaycan mətbəxində qutabın yeri, göy qutabının hazırlanma xüsusiyyətləri və istifadə olunan əsas ərzaqlar barədə ətraflı məlumat verilib. Bildirilib ki, göy qutabı müxtəlif göyərtilərdən hazırlanaraq sacda bişirilən, Azərbaycan mətbəxinin sevilən milli təamlarından biridir.
Praktiki hissədə iştirakçılara qutab xəmirinin hazırlanması, xəmirin kündələnməsi və nazik şəkildə yayılması, göyərtilərin doğranaraq içlik halına gətirilməsi, içliyin xəmir üzərinə düzgün yerləşdirilməsi və qutabların bükülmə qaydası nümayiş etdirilib.
Təlim iştirakçıları öyrəndikləri qaydalar əsasında göy qutablarını özləri hazırlayaraq bişiriblər. Təlim zamanı məhsulların düzgün hazırlanması, gigiyena və mətbəxdə təhlükəsizlik qaydalarına riayət olunmasına da xüsusi diqqət yetirilib.
Təlimin əsas məqsədi iştirakçıların Azərbaycan milli mətbəxinə aid yeməklərin hazırlanması üzrə praktiki bacarıqlarını inkişaf etdirmək, onların kulinariya sahəsində peşə vərdişlərini artırmaq və əldə etdikləri bacarıqlar vasitəsilə gələcək məşğulluq imkanlarına çıxışını dəstəkləməkdir.
Qeyd edək ki, “Bacarıqdan Peşəyə, Peşədən Məşğulluğa” layihəsi çərçivəsində əlilliyi olan qadınların müxtəlif kulinariya istiqamətləri üzrə bilik və bacarıqlarının artırılması, onların peşə hazırlığının gücləndirilməsi və əmək bazarına inteqrasiyasına dəstək göstərilməsi məqsədilə silsilə təlimlər keçirilir.
Növbəti təlimlərdə Azərbaycan, Şərq və Avropa mətbəxlərinə aid müxtəlif yeməklərin hazırlanması üzrə praktiki məşğələlərin keçirilməsi nəzərdə tutulur.






