Türk dövlətlərinin ilk qadın vəkili, hüquqşünas Sürəyya Ağaoğlunun xatirəsinə həsr olunan və hər il keçirilməsi nəzərdə tutulan “Sürəyya Ağaoğlu adına Vəkillərin Beynəlxalq Formu”nun keçirilməsi qərara alınıb. 

QHT.az xəbər verir ki, Sürəyya xanım 1903-cü ildə türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa şəhərində Azərbaycanın və Türkiyənin görkəmli ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlunun ailəsində dünyaya gəlib. 1920-ci ildə İstanbul Qızlar Liseyini bitirmişdir. 1921-ci ildə hüquq sahəsində təhsil almaq üçün Universitetə müraciət etmiş, İstanbul Hüquq Fakültəsinə qəbul olmuş və bununla da hüquq fakültəsinin qapısının qız tələbələrin üzünə açılmasında rol oynayıb. Məzun olduqdan sonra vəkillik fəaliyyəti ilə məşğul olmağa başlayan Sürəyya xanım Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin ikinci prezidenti seçilib və ömrünün sonuna qədər vəkilliklə məşğul olub.

Məlumat üçün bildirək ki, 2018-ci ildən etibarən ölkəmizdə aparılan mütərəqqi islahatlar nəticəsində vəkil korpusunda xanım vəkillərin sayı əhəmiyyətli dərəcədə artıb. Qadın vəkillərin şəbəkələşməsi, qadın hüquqşünasların vəkilliyə marağının artırılması, o cümlədən qadın vəkillərin fəaliyyətlərində qarşılaşdığı gender əsaslı çətinliklərlə mübarizə məqsədilə Vəkillər Kollegiyası Rəyasət Heyətinin müvafiq qərarı ilə Qadın Vəkillərin Alyansı yaradılıb.

 

Pərvanə Fərhadqızı