30 iyul tarixində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sağlamlığa Xidmət” İctimai birliyi Binəqədi, Yasamal, Sabunçu rayonlarında və Sumqayıt şəhərində məskunlaşan 53 nəfər vərəm xəstəsinə Azərpoçt vasitəsilə ərzaq yardımı və tibbi qoruyucu vasitələr göndərib. Hər ərzaq paketinə 18 adda məhsul, tibbi maska və antiseptik vasitələr və Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmış COVİD-19 pandemiyası ilə bağlı məlumatlandırıcı materiallar daxil edilib.
Bu barədə ictimai birlikdən QHT.az-a daxil olan məlumatda bildirilir ki, vərəm xəstələrinin siyahısı həmin ərazi üzrə fəaliyyət göstərən vərəm əleyhinə tibb müəssisələrindən əldə edilib, onlarla telefon əlaqəsi saxlanılaraq, müvafiq məlumatlar toplanılmışdır.
Ərzaqlar Azərpoçtun müvafiq şöbəsində qablaşdırılaraq, ünvan və poçt məlumatları qutuların üzərinə vurulub. Poçt əməkdaşları humanitar yardımın aztəminatlı vərəm xəstələrinə göndərildiyini xəbər tutan kimi canla-başla, hətta iş saatından sonra da qalaraq qablaşdırma və kodlaşdırma prosesini tez bir zamanda həll ediblər.
31 iyul Qurban Bayramı münasibətilə İctimai birlik əməkdaşları xüsusi təşəbbüs göstərərək öz qurban paylarını da sovqata əlavə etmiş və vərəm xəstələrini sevindirmişdir.












