"Ötən gün Azərbaycanda koronavirus infeksiyasına yeni 241 yoluxma faktı qeydə alınıb, 647 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Yoluxma faktları ilə bağlı ən pik rəqəm - 290 yoluxma faktı iyunun 24-də qeydə alınmışdı. . Ümumilikdə isə ən narahatedici vəziyyət iyunun 20-dən - iyulun 20-nə kimi hökm sürüb. Ölkənin müvafiq qurumları və həkimlərin səyləri ilə artıq müsbət dinamika müşahidə olunur."
Bu fikirləri Olaylar.az-a açıqlamasında "QHT.az" saytının rəhbəri, İnformasiya Təşəbbüslərinə Dəstək İB-nin sədri Cəsarət Hüseynzadə bildirib.
İnformasiya Təşəbbüslərinə Dəstək İB-nin sədri qeyd edir ki, bu müsbət dinamikanın səbəbi isə hökumət tərəfindən iyunun 21-dən xüsusi sərtləşdirilmiş karantin rejiminin tətbiqi oldu:
"Əldə olunan müsbət dinamika və xüsusən vətəndaşların müraciətləri müəyyən yumuşalmaların aparılmasın labüd edirdi. Dünən bu istiqamətdə ilkin addım atıldı. Operativ Qərargah tərəfindən SMS icazənin ləğvi və çimərliklərin açılması haqqında qərar elan olundu. Çimərliklərin açılması ilə bağlı uzun müddət idi ki, müzakirələr gedirdi. Sözsüz ki, hökumət nümayəndələri və ekspertlər tərəfindən bu məsələ ciddi araşdırılırdı. Qərar verilərkən COVİD 19 xəstələri üçün ayrılan çarpayı sayı və real təhlükə riskləri ciddi nəzərə alınmalı idi. Fikrimcə hökumət bu qərarın verilməsində tələsmədi və təmkinli davrandı."
İnformasiya Təşəbbüslərinə Dəstək İB-nin sədri Cəsarət Hüseynzadə bildirir ki, bütün risklər nəzərə alınmaqla vaxtında qərar verildi: "Çimərliklərin açılması vətəndaşların istirahəti və sağlamlığı baxımdan mühüm əhəmiyyət kəsb edir. Etiraf edək ki, pandemiya hər bir vətəndaşın psixoloji vəziyyətində də müəyyən gərginliklər yaratmışdı. Eyni zamanda bildiyimiz kimi, insan orqanizminə D vitamininin qəbulu zəruridir. Bu baxımdan mütəxəssislərin də qeyd etdiyi kimi günəş şüaları və xüsusən çimərlikdə istirahətin insanın sağlamlığına, gələcəkdə virusla mübarizə aparmaq üçün immunitetin yaradılmasına böyük xeyiri var. Təqdirəlayiq haldır ki, hökumət bu qərarı kortəbii deyil, çimərlik infrastrukturlarını karantin rejiminə uyğunlaşdırdıqdan sonra verdi."
Cəsarət Hüseynzadə vurğulayır ki, avqustun 5-dən cimerlik.az saytı vətəndaşların xidmətinə verilir və bu saytın real rejimdə işləməsi vətəndaşların sağlamlığı və rahatlıq baxımdan müsbət təsiri olacaq: "Hər bir vətəndaş sıxlıq olmayan çimərliyi seçməklə öz istirahətini təmin edəcək. Fikrimcə bu platformanı inkişaf etdirməklə postpandemiya dövründə də vacib platformaya çevirmək olar. Belə ki bu platformanı gələcəkdə xidmətlərin yüksəldilməsi, və məlumatlandırma sistemi kimi istifadəsi mümkündür.
Verilən məlumatlardan bəlli olur ki, çimərlik ərazisində vətəndaşları qaydalar barədə məlumatlandıracaq lövhələr vurulub, çimərlik taxtaları arasında 2 metr, çətirlər arasında isə 4 metr məsafə nəzərdə tutulub. Vətəndaşlar arasında sosial məsafənin qorunması üçün ərazidə iplər çəkilib. Eyni zamanda çimərlikdə tibb məntəqələrinin də fəaliyyət göstərməsi nəzərdə tutulur. Fəaliyyətinə icazə verilən çimərliklərdə giriş-çıxışın yoxlanılması, habelə çimərlik daxilində müəyyən edilmiş normativ qaydalara əməl edilməsinə nəzarət məqsədilə 1000-dən artıq ASAN könüllüsü prosesə cəlb edilib. Bütün bu addımlar vətəndaşların sağlamlığının qorunması və ölkədə sanitar-epidemioloji vəziyyətin stabil saxlanılması üçün vacibdir."
Cəsarət Hüseynzadə qeyd edir ki, karantin qadağaların azaldılması təkcə dövlət rəsmilərinin istəyi və qərarları ilə mümkün deyil: "Bu prosesdə vətəndaşların davranışları əsas və həlledici rola malikdir. Göründüyü kimi yumşalmanın birinci mərhələsi baş tutub. Yaxın 15 gündə bizim davranışların nəticələri gündəlik yoluxma sayında özünü əks etdirəcək. Müsbət dinamika saxlanılsa, artıq növbəti addım kimi rayonlara gediş-gəliş və digər müvafiq addımları atmaq olar. Bir sözlə daha sərbəst yaşamaq üçün daha da diqqətli və məsuliyyətli olmalıyıq. Eyni zamanda yumşalmalar fonunda müvafiq qurumlar da nəzarəti bir qədər də gücləndirməldir."












