Son zamanlar ölkəmizdə müşahidə etdiyim ən diqqətçəkən tendensiyalardan biri hökumətlə-cəmiyyətin kommunikasiyasının yaxşılaşması və vətəndaş iştirakçılığının real təzahürü nümunələridir. Xətai rayonunda gecə ilə ağacların kəsilməsi və vətəndaşların etirazı, Malkan kilsəsinin söküləcəyi barədə məlumatlar yayılandan sonra gənclərin başaldığı kampaniya, İçərişəhərin qorunması məsələsində sərgilənən ictimai mövqe göstərdi ki, artıq sıravi vətəndaşlar ictimai iştirakçlığa maraq göstərirlər.
Bu fikirləri vətəndaş cəmiyyəti sahəsi üzrə tanınmış ekspert Zaur İbrahimli öz facebook səhifəsində qeyd edib.
Zaur İbrahimli qeyd edib ki, "Bu Azərbaycan təcrübəsində yeni və çox müsbət nümunələrdir. Vətəndaşlar ümumi maraqlara toxunan problemləri aktuallaşdırır, öz mövqelərini orataya qoyur və etirazlarını diqqətə çatdırırlar. Baş verənlər göstərir ki, bu iştirakçılıq mahiyyət etibarı ilə konstruktivdir və Qərb ölkələrinin təcrübəsinə yaxındır. Vətəndaşlar, ictimai fəallar yanlışların zamanında aşkarlanmasına, aradan qaldırılmasına yardım göstərirlər.
Ölkənin sabit inkişafı, ictimai maraqların qorunması üçün bu yanaşma çox vacib əhəmiyyətə malikdir. İslahatlar üçün yollar məhz bur cür yanaşma ilə açılır, hökumət üçün motivasiyanı bu cür trendlər təmin edir. Hazırda Azərbaycan üçün də ən məqbul yol budur.
Geniş vətəndaş iştirakçılığı isə hakimiyyət və dövlət orqanlarının daha yaxşı işləməsini, cəmiyyətlə effektiv əks-əlaqəni təmin edir, yanlışların zamanında aşkarlanmasına, aradan qaldırılmasına yardım göstərir.
Dövlət tərəfindən elə mexanizmlər yaradılır ki, vətəndaşlar dövlət orqanlarının fəaliyyətində nəinki səhvləri aşkarlaya bilsinlər, eyni zamanda onların həllində, optimal qərarların qəbulunda iştirak edə bilsinlər.
Bununla dövlət etimad mühiti yaradır və sadə vətəndaşların idarəetməyə cəlbiylə miqyaslı vəzifələrin həllini optimallaşdırır. Funksiyaların və məsuliyyətin bir hissəsini cəmiyyətlə bölüşməklə ümumi maraqların təmin olunması üçün birgə (cəmiyyət-dövlət) idarəetmə modeli tətbiq olunur.
Sovet təcrübəsindən fərqli olaraq, bu modeldə “ictimai iştirakçlıq” anlayışı fərqli mahiyyət kəsb edir. Dövlət və fəal vətəndaşlar idarəetmə prosesinin iştirakçılarına çevrilirlər. Eyni zamanda könüllü proqramlar və məqsədli maliyyələşdirmə ilə dövlət bu prosesin məzmununu və kontekstini müəyyən edə bilir.
Təsadüfi deyil ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında bəyan etdi ki, harada ki, insanları narahat edən məsələlər, nöqsanlar, çatışmazlıqlar var, onlar deyilməlidir.
Ümid edirik ki, vətəndaşlarımızın bu cür konstruktiv iştirakçılıq nümunələri davamlı olacaq, dövlət orqanları isə bunlardan müvafiq nəticələr çıxaracaqlar."












