Humanitar təşkilatlar siyahısında olan təşkilatlar üçün Dövlət Sosial Müdafiə Fonduna ödənişdən azadolma ləğv edilib. 

 

Bu barədə QHT.az-a QHT qanunvericiliyi üzrə ixtisaslaşan hüquqşünas Məhəmməd Quluzadə məlumat verib.

Ekspert qeyd edib ki, bu ildən Azərbaycanda fəaliyyət göstərən və Nazirlər Kabinetinin humanitar təşkilatlar siyahısında olan təşkilatlar üçün Dövlət Sosial Müdafiə Fonduna ödənişdən azadolma ləğv edilib. 

 

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda 30 noyabr 2018-ci il tarixli dəyişiklik edilərək Qanunun 15-ci maddəsinin 18-ci abzasına “əcnəbilər üzrə” ifadəsi əlavə edilmişdir. Bunun nəticəsində humanitar təşkilatlar yalnız əcnəbi işçiləri üçün DSMF ödənişlərini ödəməkdən azaddırlar. 1 yanvar 2019-cu il tarixdən etibarən humanitar təşkilatların yerli əməkdaşları üçün təşkilat tərəfindən əmək haqqı fondunun 15%-i DSMF-yə ödənilir.

 

Hüquqşünas bildirib ki, bu dəyişiklik yerli əməkdaşlar üçün sərfəlidir, çünki pensiya təminatına zəmanət verir. Digər tərəfdən, dəyişiklik barədə humanitar təşkilatlarla müzakirələr və məlumatlandırma aparılmadığı üçün təşkilatlar bu xərcləri 2019-cu ilin büdcəsinə daxil etməmişlər və hal-hazırdı ciddi malliyə problemi ilə üzləşirlər.