2026–2027-ci tədris ili üzrə birinci sinfə elektron qəbul prosesi davam edir. Elektron sistem qəbul prosesində şəffaflığın və operativliyin artırılmasına xidmət etsə də, mütəxəssislər onun pedaqoji və psixoloji baxımdan müəyyən çatışmazlıqlar yaratdığını bildirirlər. Təhsil eksperti Şəmsi Qocayev QHT.az-a açıqlamasında elektron qəbulun üstünlükləri ilə yanaşı, uşaqların fərdi xüsusiyyətlərinin qiymətləndirilməsi və xüsusi təhsil ehtiyaclarının müəyyənləşdirilməsi baxımından mövcud boşluqlara da diqqət çəkib.

Ekspertin sözlərinə görə, elektron sistemin tətbiqi FİN kod inteqrasiyası vasitəsilə saxta qeydiyyatların qarşısını alır, sənədləşmə prosesini sadələşdirir və idarəetməni mərkəzləşdirir. Bununla yanaşı, qeydiyyatın ilk günlərində yaranan müraciət sıxlığı, sənədlərdəki texniki uyğunsuzluqlar, eləcə də regionlarda internetə çıxış və rəqəmsal savadlılıq səviyyəsinin fərqli olması valideynlər üçün çətinliklər yaradır.

Ş.Qocayev hesab edir ki, əsas problem elektron sistemin yalnız texniki göstəricilər əsasında işləməsidir:

“Məktəblə valideyn və uşaq arasında canlı təmasın olmaması uşağın psixi-emosional və fiziki hazırlıq səviyyəsini qiymətləndirməyə imkan vermir. Sistem uşağın yaşını müəyyən edir, lakin onun nitq bacarıqlarını, diqqətini, adaptasiya səviyyəsini, emosional durumunu və xüsusi qayğıya ehtiyacının olub-olmadığını müəyyənləşdirə bilmir.”

Ekspert qeyd edib ki, əvvəlki illərdə məktəb rəhbərliyi, müəllimlər və psixoloqlar uşaqlarla canlı ünsiyyət zamanı onların təhsil ehtiyaclarını daha düzgün qiymətləndirə bilirdilər. Hazırda isə avtomatik qeydiyyat sistemi bu imkanları məhdudlaşdırır.

Onun fikrincə, bunun nəticəsində xüsusi dəstəyə ehtiyacı olan bəzi uşaqlar adi siniflərə yönləndirilə bilər ki, bu da həm həmin uşaqların təlim və adaptasiya prosesinə, həm müəllimlərin işinə, həm də digər şagirdlərin tədris mühitinə mənfi təsir göstərə bilər.

Şəmsi Qocayev sonda vurğulayıb ki, elektron qəbul sistemi rəqəmsallaşma istiqamətində mühüm addım olsa da, onun pedaqoji qiymətləndirmə və psixoloji dəstək mexanizmləri ilə tamamlanması vacibdir.

Zəhra Ağayeva