Birinci sinfə elektron qəbul qaydalarında tətbiq olunan dəyişikliklər bəzi valideynlər tərəfindən narazılıqla qarşılansa da, mütəxəssislər hesab edirlər ki, bu yeniliklər məktəblərdə sıxlığın azaldılması və təhsil sisteminin daha səmərəli təşkili baxımından mühüm əhəmiyyət daşıyır. Təhsil eksperti Məzahir Məmmədli QHT.az-a açıqlamasında yeni qaydaların məqsədi və gözlənilən nəticələri barədə danışıb.

QHT.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, əvvəlki illərdə birinci sinfə qəbul zamanı valideynlər ciddi bürokratik maneələr və müxtəlif çətinliklərlə üzləşirdilər.

Onun sözlərinə görə, qəbul prosesində gecikmələr, yerlərin tez dolması və valideynlərin yaşayış ünvanından uzaq məktəbləri seçməsi bir sıra problemlərə səbəb olurdu.

“Bir valideyn Yeni Yasamalda yaşadığı halda uşağını şəhərin mərkəzindəki məktəbə yerləşdirməyə çalışırdı. Bu kimi halların qarşısını almaq üçün qaydalar müəyyən qədər sərtləşdirilib.”

Ekspert qeyd edib ki, yeni qaydalardan narazı qalan valideynlər olsa da, bu dəyişiklikləri müsbət qiymətləndirənlər də az deyil.

Məzahir Məmmədli vurğulayıb ki, tətbiq edilən dəyişikliklər dövlətin 2030-cu ilədək müəyyənləşdirdiyi strateji hədəflərə uyğun olaraq həyata keçirilir və məqsəd ümumtəhsil məktəblərində, kolleclərdə və ali təhsil müəssisələrində sıxlığın azaldılmasıdır.

“Hər kəs üçün ən yaxşı məktəb yaşadığı ünvana yaxın olan məktəb olacaq. Bu, həm valideynlər üçün uşağın məktəbə aparılıb-gətirilməsini asanlaşdıracaq, həm də nəqliyyat sıxlığının azalmasına töhfə verəcək.”

Ekspertin fikrincə, hazırda şəhərin mərkəzində yerləşən məktəblərdə müşahidə olunan sıxlıq illər ərzində formalaşmış problemlərin nəticəsidir. O hesab edir ki, valideynlər yaşayış yerlərinə yaxın məktəbləri seçməyə üstünlük versələr, bu problemin tədricən aradan qalxması mümkün olacaq.

Məzahir Məmmədli onu da əlavə edib ki, birinci sinfə elektron qəbul sistemi vahid platforma üzərindən həyata keçirildiyindən regionlarda yaşayan valideynlər üçün də tam əlçatandır. Bu baxımdan elektron qəbulun ölkənin bütün ərazisində bərabər imkan yaratdığını qeyd edib.