Ali təhsil insan kapitalının formalaşmasında və cəmiyyətin inkişafında mühüm rol oynayır. Bu baxımdan təhsil xərclərinin dövlət tərəfindən qarşılanması sosial baxımdan həssas qruplara aid tələbələr üçün mühüm dəstək mexanizmlərindən biridir.
Azərbaycan Respublikasında ali təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi 2010/2011-ci tədris ilindən etibarən dövlət sifarişi əsasında həyata keçirilir. Dövlət sifarişi çərçivəsində tələbələrin hazırlığı adambaşına maliyyələşmə prinsipi əsasında aparılır.
Bununla yanaşı, qanunvericilikdə müəyyən kateqoriyalara aid şəxslərin ödənişli əsaslarla təhsil aldıqları halda təhsil haqqından azad edilməsi nəzərdə tutulur.
Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov QHT.az-a açıqlamasında bildirib ki, sosial həssas qruplara aid tələbələrin təhsil haqqı xərclərinin dövlət büdcəsi hesabına ödənilməsi ilə bağlı müxtəlif güzəştlər mövcuddur.
Onun sözlərinə görə, məcburi köçkün statusu olan Azərbaycan vətəndaşları dövlət ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində ödənişli əsaslarla təhsil aldıqları halda təhsil haqqından azad edilirlər.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər də müəyyən şərtlər daxilində bu güzəştdən yararlana bilirlər. Belə şəxslər əyani formada 23 yaşınadək təhsil aldıqları müddətdə təhsil haqqından azad edilirlər.
Eyni zamanda, müəyyən edilmiş əlilliyi olan şəxslər, şəhid ailəsi statusu daşıyan şəxslər, şəhid və müharibə əlillərinin övladları, eləcə də müharibə veteranları üçün də təhsil haqqı ilə bağlı güzəştlər nəzərdə tutulub.
2024-cü il dekabrın 20-də “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna edilmiş dəyişikliklə bu kateqoriyaya aid şəxslərin əhatə dairəsi də genişləndirilib.
Dəyişikliyə əsasən, bir valideyni vəfat etmiş, digər valideyni isə cəzaçəkmə müəssisəsində cəza çəkən, xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan və ya məhdudlaşdırılmış, ölmüş elan edilmiş, valideynlik hüquqlarından məhrum edilmiş və ya məhdudlaşdırılmış, yaxud uşağının tərbiyəsindən və hüquq və mənafelərinin müdafiəsindən imtina etmiş şəxslər olan uşaqlar da valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilə bilərlər.
Qanunvericiliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, o cümlədən övladlığa götürüldükdə belə, təhsil aldıqları müddətdə dövlət təminatından yararlanırlar. Onların dövlət və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada və 23 yaşınadək ödənişli əsaslarla aldıqları təhsilin haqqı dövlət büdcəsi hesabına ödənilir.
Fariz Əkbərov qeyd edib ki, bu güzəştlər sosial baxımdan həssas ailələrdən olan şəxslərin ali təhsilə çıxış imkanlarının genişləndirilməsi və onların sosial müdafiəsinin gücləndirilməsi baxımından əhəmiyyətlidir.












