Yeni araşdırma gündəlik şəkərli içki qəbulunun mədə xərçəngi riski ilə əlaqəli ola biləcəyini ortaya qoyub. Araşdırmaya görə, gündə ən azı bir porsiya şəkərli içki qəbul edən şəxslərdə mədə xərçənginə tutulma riski ayda bir dəfədən az belə içki qəbul edənlərlə müqayisədə təxminən iki dəfə yüksək olub.

QHT.az xarici mediaya istinadən bildirir ki, “Gastro Hep Advances” jurnalında dərc olunan araşdırmada onilliklər ərzində 112 minə yaxın insanın sağlamlıq və həyat tərzi məlumatları təhlil edilib. İştirakçılardan 278 nəfərində mədə xərçəngi aşkarlanıb. Tədqiqatçılar xüsusilə içkilərdəki əsas şirinləşdirici olan fruktozun xəstəliyin daha yüksək rastgəlmə tezliyi ilə əlaqəli olduğunu bildiriblər.

Qadınlar arasında gündə birdən çox şəkərli içki – meyvəli kokteyl, limonad və idman içkiləri kimi məhsullar – qəbulunun mədə xərçəngi riskini nadir hallarda istehlak edənlərlə müqayisədə üç dəfəyə yaxın artırdığı müəyyənləşdirilib.

Bununla belə, alimlər araşdırmanın müşahidə xarakterli olduğunu və birbaşa səbəb-nəticə əlaqəsini sübut etmədiyini vurğulayıblar. Nəticələrin təsdiqlənməsi və şəkərli içkilərin mədə xərçəngi ilə mümkün əlaqəsinin mexanizmlərinin müəyyənləşdirilməsi üçün əlavə tədqiqatlara ehtiyac olduğu qeyd edilib.