Neftin qiymətinin 100 dollar həddinə çatması hazırkı geosiyasi vəziyyətdə real ssenari olaraq qiymətləndirilir. Liberal iqtisadçılar mərkəzinin sədri Akif Nəsirli QHT.az-a açıqlamasında bildirib ki, Brent markalı neftin qiymətinin 90 dolları keçməsi və ABŞ-İran qarşıdurmasının yenidən hərbi mərhələyə keçməsi bazarda təchizat risklərini artırıb.

Ekspertin sözlərinə görə, burada əsas məsələ yalnız İranın neft hasilatı deyil, həm də Hörmüz boğazının vəziyyətidir. Dünya neft tədarükünün əhəmiyyətli hissəsinin keçdiyi bu strateji marşrutda gəmiçiliyin ciddi şəkildə məhdudlaşması neft qiymətlərində daha kəskin artıma səbəb ola bilər.

Akif Nəsirli qeyd edib ki, qarşıdurma yalnız raket zərbələri səviyyəsində qalarsa və neft ixracının əsas marşrutları açıq saxlanılarsa, Brent-in 85-95 dollar diapazonunda qalması daha ehtimal olunan ssenaridir. Lakin Hörmüz boğazının faktiki bağlanması, tankerlərə hücumların artması və region ölkələrinin ixrac imkanlarının ciddi məhdudlaşması qiymətləri 100 dollar və daha yüksək səviyyələrə çıxara bilər.

“100 dollar psixoloji hədd olmaqla yanaşı, hazırkı şəraitdə bazarın real hədəfinə çevrilə bilər”, – deyə ekspert vurğulayıb.

İqtisadçı əlavə edib ki, neftin 100 dollara çatması onun uzun müddət həmin səviyyədə qalacağı anlamına gəlmir. ABŞ və digər böyük istehsalçıların əlavə neft təklif etməsi, strateji ehtiyatların bazara çıxarılması, tələbin zəifləməsi və diplomatik proseslərin bərpası qiymət artımını məhdudlaşdıra bilər.

Nəsirlinin fikrincə, yaxın günlərdə Brent üçün 95 dollar əsas sınaq nöqtələrindən biri olacaq. Bu hədd davamlı şəkildə keçilərək hərbi eskalasiya genişlənərsə, neftin 100 dollara çatması ehtimalı əhəmiyyətli dərəcədə yüksələcək.

Ekspertin sözlərinə görə, hazırda bazarın əsas riski faktiki neft itkisi ilə yanaşı, mümkün təchizat itkisini də qiymətlərə daxil etməsidir. Bu səbəbdən Hörmüz boğazı ilə bağlı hər yeni hərbi hadisə neft bazarında sürətli və kəskin qiymət dəyişikliklərinə səbəb ola bilər.