İngiltərədə aparılan yeni araşdırma həyatın ilk iki ilində şəkər qəbulunun məhdudlaşdırılmasının uzunmüddətli perspektivdə beyin sağlamlığı ilə əlaqəli ola biləcəyini göstərib.
QHT.az xarici mediaya istinadən bildirir ki, Honq Konq Elm və Texnologiya Universitetinin alimləri Böyük Britaniyanın “Biobank” layihəsində qeydiyyatda olan təxminən 65 min insanın məlumatlarını təhlil ediblər. Tədqiqatçılar uşaqlıq dövründə şəkər qəbulunun məhdudlaşdırılması ilə sonrakı illərdə sağlamlıq göstəriciləri arasındakı əlaqəni araşdırıblar.
Nəticələrə görə, həyatının ilk iki ilində şəkər məhdudiyyəti dövrünə düşən şəxslərdə demensiya halları 23 faiz daha az müşahidə olunub. Həmin şəxslərdə xəstəliyin diaqnozunun da orta hesabla təxminən 2,5 il daha gec qoyulduğu müəyyənləşdirilib.
Tədqiqatın müəllifi Jiazhen Zheng bildirib ki, nəticələr erkən yaşlarda şəkər istehlakının məhdudlaşdırılmasının beyin sağlamlığı üçün uzunmüddətli faydalar verə biləcəyinə işarə edir. Bununla belə, alimlər nəticələrin səbəb-nəticə əlaqəsini tam sübut etmədiyini və əlavə araşdırmalara ehtiyac olduğunu vurğulayırlar.
Araşdırmanın nəticələri “Neurology” elmi jurnalında dərc olunub.












