Antarktida dünyanın ən ucqar və soyuq qitəsi olmaqla yanaşı, Yer kürəsinin iqlim sisteminin ən mühüm dayaqlarından biridir.

Qitənin böyük hissəsini örtən nəhəng buz təbəqəsi planetimizin iqliminin tənzimlənməsində mühüm rol oynayır. Lakin son onilliklərdə qlobal temperaturun yüksəlməsi buzlaqların sürətlə və kütləvi şəkildə əriməsinə səbəb olur. Bu proses yalnız Antarktidanın problemi deyil. Orada baş verən dəyişikliklər okeanlara, dəniz səviyyəsinə, canlı aləmə və dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla insanın həyatına təsir göstərə bilər.

Antarktida dünya üçün niyə bu qədər vacibdir?

Bu qitə dünyada mövcud olan buz təbəqəsinin böyük hissəsini özündə qoruyub saxlayır. Qurudakı buzların əriməsi nəticəsində yaranan su okeanlara daxil olduqda dəniz səviyyəsinin yüksəlməsinə səbəb olur. Eyni zamanda, ağ buz səthi Günəş şüalarının əhəmiyyətli hissəsini kosmosa geri qaytarır. Buz örtüyü azaldıqca Yer səthinin daha qaranlıq hissələri, xüsusilə okean suları Günəş enerjisini daha çox udur. Bu proses istiləşməni daha da sürətləndirə bilər. Bu hadisə alimlər tərəfindən “albedo effekti” ilə əlaqələndirilir.

Buzların əriməsi dünyanı hansı təhlükələrlə üz-üzə qoyur?

Antarktidada buz örtüyünün əriməsi uzunmüddətli perspektivdə dəniz səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb ola bilər. Bu isə sahilyanı şəhərlərin, adaların və aşağı yüksəklikdə yerləşən ərazilərin gələcəyini təhlükə altında qoya bilər. Dəniz səviyyəsinin yüksəlməsi ilə yanaşı, fırtına dalğalarının və sahil eroziyasının təsiri də arta bilər. İnsanların yaşadığı ərazilər, kənd təsərrüfatı torpaqları və mühüm infrastruktur risk qarşısında qala bilər.

İkinci təhlükə okeanlar və iqlim sisteminin dəyişməsidir.

Antarktidanın ətrafındakı sular qlobal okean dövranının mühüm hissəsidir. Buradakı dəyişikliklər okean axınlarına, istiliyin planet üzrə paylaşılmasına və iqlim sisteminə təsir göstərə bilər. Qitə yalnız buz və qardan ibarət deyil. Burada müxtəlif canlılar, o cümlədən pinqvinlər, suitilər, balinalar və çoxsaylı dəniz canlıları yaşayır. Buz örtüyünün və dəniz ekosistemlərinin dəyişməsi onların qidalanma və çoxalma imkanlarını məhdudlaşdıra bilər. Bu ekosistemdə baş verən dəyişikliklər okeanın daha geniş ekoloji sisteminə də təsir göstərə bilər.

Təhlükənin əsas səbəbi nədir?

Buz itkisinin səbəbləri mürəkkəbdir. Lakin qlobal istiləşmə əsas amillərdən biridir. İnsan fəaliyyəti nəticəsində atmosferdə istixana qazlarının, xüsusilə karbon qazı və metanın miqdarının artması planetin orta temperaturunu yüksəldir. Enerji istehsalında fosil yanacaqlardan istifadə, nəqliyyat, sənaye, meşələrin qırılması və bəzi kənd təsərrüfatı fəaliyyətləri istixana qazlarının artmasına böyük təsir göstərir.

Bəs çıxış yolu varmı?

Bəli. Təhlükə böyük olsa da, insanlığın seçim imkanları hələ mövcuddur. İstixana qazlarının emissiyalarını azaltmaq, kömür, neft və qazdan asılılığı azaltmaq və təmiz alternativ enerji mənbələrinə keçidi sürətləndirmək vacibdir.

Günəş, külək, hidroenerji və digər aşağı karbonlu enerji mənbələrinin inkişafı qlobal istiləşmənin qarşısının alınmasında mühüm rol oynaya bilər.

Meşələri qorumaq və yeni meşə sahələri salmaq yönündə işləri daha da sürətləndirmək lazımdır.

Bitkilər aləmi, əsasən də meşələr, atmosferdəki karbon qazının müəyyən hissəsini özündə saxlayır. Buna görə meşələrin qırılmasının qarşısının alınması iqlimlə mübarizənin mühüm istiqamətlərindən biridir. Meşə yanğınlarının qarşısının alınması isə hər birimizi narahat edən problemdir.

Əhali arasında, xüsusilə meşə təsərrüfatına malik olan rayon, kənd və qəsəbələrdə ekoloji maarifləndirməni daha da gücləndirmək lazımdır. Məktəblərdə maarifləndirmə tədbirlərini genişləndirmək çox vacibdir.

Dünyanı xilas etmək bir insanın işi deyil, amma dünya ictimaiyyəti bu məqsədlə birləşsə, problemin həlli mümkündür.

Mərhum akademik Həsən Əliyevin təbirincə desək: “Təbiətə münasibətdə yubanmaq, çox yaşamağa yubanmaqdır”.

“Mühit” Ekoloji Mühafizə İctimai Birliyinin sədri Əzizağa Hünbətəliyev