"Ailələrə Sosial Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “İnsan alveri sosial bəla kimi” layihəsi silsilə tədbirlər şəklində keçirilib.

QHT.az xəbər verir ki, "Ailələrə Sosial Dəstək” İctimai Birliyinin sədri, layihə rəhbəri Esmira Rəhimova bildirib ki, layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunub.

Layihənin icrası Qırmızı Qəsəbə qəsəbəsində yerləşən İsaak Xanukov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilib. Tədbirdə layihə rəhbəri və ekspertlə yanaşı, məktəbin direktoru Yavuşva müəllim, direktor müavini Sevil xanım, məktəbin digər əməkdaşları, Quba Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ələkbər İsmayılov müəllim də iştirak edib.

Bu regionun seçilməsində əsas səbəb rayonda qohum nikahları ilə bağlı mövcud olan problemlərin, insan alverinin və yetkinlik yaşına çatmayanların erkən evliliyinin qarşısının alınmasına dəstək olmaq idi. Layihənin məqsədi insan alverinin fəsadları, erkən və qeyri-rəsmi nikahların mənfi nəticələri və riskləri barədə yeniyetmələrin maarifləndirilməsi olub.

Tədbirdə yeniyetmələrə verilən qovluqlarda qeyd kitabçalarının və yazı qələmlərinin təqdim olunmasında məqsəd onların tədbir zamanı yaranan suallarını yazaraq bizə təqdim etmələri idi. Press-relizin təqdimatını da önəmli hesab etdiyimiz üçün, o, bütün iştirakçılara verilib.

Ümumilikdə 5 (beş) tədbir keçirilib. Tədbirdə hər bir iştirakçıya çərçivədə sertifikatlar təqdim olunub. Sonda çay dəvəti təşkil edilib.

Eyni zamanda, qeyd etmək istəyirəm ki, insan alveri, erkən, rəsmi qaydada qeydə alınmayan və qan qohumları arasında baş verən nikahların cəmiyyətin əsas problemlərindən olduğu barədə məlumat verilib.

Layihənin icrası zamanı yeniyetmələrə erkən evliliyin fəsadları və yaxın qohum nikahlarından doğulan uşaqların sağlamlıqlarının böyük risk altında olması barədə məlumat verilib. Həmçinin insan alveri və bunun qanunla qadağan edilməsi haqqında məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Nəhayət, inanıram ki, bu layihənin icrası cəmiyyətimizin sağlam inkişafı, ailə institutunun gücləndirilməsi, erkən evliliyin, qohum nikahlarının və boşanma hallarının, eləcə də insan alveri təhlükəsinin azalması istiqamətində, xüsusilə də regionlarda insan alverinin, erkən evliliyin və qohum nikahlarının qarşısının alınmasına kömək edəcəkdir.

Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.