Saatlı rayonunun Su 20 qəsəbəsində gənclərin bilik və bacarıqlarının inkişafına yönəlmiş “Kompüter savadlılığı” və “Gənclərin maarifləndirilməsi” mövzusunda tədbirlər keçirilib. Bu barədə saytımıza məlumatı birliyin mətbuat katibi Leyla Behbudlu verib.
QHT.az xəbər verir ki, tədbirlərdə İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İctimai Birliyinin sədri İlkin Əhmədov və sədr müavini Fidan İsgəndər iştirak ediblər.
Birliyin sədri İlkin Əhmədov çıxışı zamanı gənclərin müasir bilik və bacarıqlara yiyələnməsinin vacibliyini vurğulayıb. O, bu istiqamətdə maarifləndirici tədbirlərin davamlı şəkildə təşkil olunmasının gənclərin şəxsi və peşəkar inkişafına mühüm töhfə verdiyini qeyd edib.
Görüşlər zamanı gənclərin kompüter savadlılığının artırılması, bilik və bacarıqlarının inkişaf etdirilməsi, eləcə də mövcud imkanlar barədə məlumatlandırılması ilə bağlı müzakirələr aparılıb.
Tədbirlərin təşkilində və keçirilməsində göstərilən dəstəyə görə kompüter savadlılığı üzrə təlimçi Məleykə Əsgərovaya və layihələrdə iştirak edən digər əməkdaşlara təşəkkür bildirilib.
İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İctimai Birliyi tərəfindən gənclərin maarifləndirilməsinə və inkişafına yönəlmiş layihələrin davam etdiriləcəyi qeyd olunub.












