Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında 2027-ci ildə minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağını bildirməsi dövlətin sosial siyasətində yeni mərhələnin başlanacağından xəbər verir. Gözlənilən artımları əhatə dairəsinə və mahiyyətinə görə son yeddi ildə həyata keçirilmiş sosial islahatların davamı kimi qiymətləndirmək olar. Bu mesajın əhəmiyyətini düzgün qiymətləndirmək üçün Azərbaycanın fəaliyyət göstərdiyi mürəkkəb geosiyasi şərait də nəzərə alınmalıdır. Dünyada və regionda hərbi münaqişələr davam edir, təhlükəsizlik riskləri artır. Belə bir şəraitdə Azərbaycan müdafiə qabiliyyətinin gücləndirilməsinə, ordunun müasir silah və texnika ilə təminatına, eləcə də dövlət sərhədlərinin etibarlı mühafizəsinə böyük həcmdə vəsait ayırır. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Böyük Qayıdış proqramı çərçivəsində şəhər və kəndlər yenidən qurulur, yollar, enerji və su infrastrukturu yaradılır, məktəblər, xəstəxanalar və yaşayış məntəqələri inşa edilir. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və layiqli qayıdışının təmin olunması dövlət qarşısında duran ən böyük strateji və sosial vəzifələrdən biridir.

QHT.az xəbər verir ki, bu sözləri azertag.az-a açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.

O bildirib ki, Böyük Qayıdış üzrə 2027–2030-cu illəri əhatə edəcək ikinci Dövlət Proqramının qəbulunun nəzərdə tutulması bərpa prosesinin qarşıdakı illərdə də geniş miqyasda davam etdiriləcəyini göstərir. Bu isə dövlət büdcəsindən böyük həcmdə əlavə vəsait ayrılmasını zəruri edir. Məhz belə bir şəraitdə Prezident İlham Əliyevin sosial sahəni xüsusi diqqətdə saxlaması və 2027-ci ildə yeni artımların həyata keçiriləcəyini açıqlaması mühüm siyasi və sosial mesajdır. Bu yanaşma təhlükəsizlik və bərpa xərclərinin artmasına baxmayaraq, vətəndaş rifahının dövlət siyasətinin əsas prioritetlərindən biri olaraq qaldığını nümayiş etdirir.

Vətəndaşın sosial müdafiəsi və rifahı dövlət siyasətinin mərkəzində qalır

C.Hüseynzadə qeyd edib ki, son yeddi il ərzində Azərbaycanda beş sosial islahat paketi həyata keçirilib. Bu paketlər ümumilikdə 4 milyon insanı əhatə edib, onların maliyyə tutumu isə 8 milyard manata yaxın olub. Təkcə ötən il sosial ödənişlərin artırılması məqsədilə dövlət büdcəsindən 1,4 milyard manat vəsait yönəldilib. Həyata keçirilən islahatlar nəticəsində minimum əməkhaqqı 3,1 dəfə, orta aylıq əməkhaqqı 2 dəfə, minimum pensiya 3 dəfəyə yaxın, orta aylıq pensiya 2,6 dəfə, sosial müavinət və təqaüdlərə ayrılan illik vəsait 5 dəfə, ünvanlı dövlət sosial yardımının hər ailəyə düşən orta aylıq məbləği 2,4 dəfə artıb. Prezidentin 2027-ci illə bağlı açıqlaması göstərir ki, sosial islahatlar davamlı xarakter daşıyır. Minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin növbəti dəfə artırılması mahiyyət etibarilə altıncı sosial islahat paketinin əsasını təşkil edə bilər. Bu artımların üç əsas istiqamətdə təsir göstərəcəyi gözlənilir. Minimum əməkhaqqının artırılması çalışan vətəndaşların gəlirlərinin yüksəlməsinə, pensiyaların artırılması yaşlı insanların sosial təminatının güclənməsinə, müavinətlərin artırılması isə həssas əhali qruplarına göstərilən dövlət dəstəyinin genişlənməsinə xidmət edəcək.

QHT sədri vurğulayıb ki, 2026-cı ilin göstəriciləri də sosial sahədə müsbət dinamikanın davam etdiyini göstərir. İlin əvvəlindən bütün əmək pensiyaları 9,3 faiz indeksləşdirilib. Sentyabrın 1-nə orta aylıq pensiya 596 manata, yaşa görə orta aylıq pensiya isə 634 manata çatıb. Bu göstəricilər əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 10 faiz artım deməkdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda sosial müdafiə və əmək münasibətləri sahəsində genişmiqyaslı rəqəmsallaşma həyata keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan elektron sistemlər və xidmətlər sosial sahədə idarəetmənin səmərəliliyinin, operativliyinin və şəffaflığının artırılmasına mühüm töhfə verib. Elektron xidmətlərin genişləndirilməsi və müxtəlif dövlət məlumat bazalarının inteqrasiyası nəticəsində vətəndaşların əlavə sənədlər toplamasına və ayrı-ayrı dövlət qurumlarına müraciət etməsinə ehtiyac əhəmiyyətli dərəcədə azalıb. Pensiya, müavinət, təqaüd və digər sosial ödənişlərin bir hissəsinin proaktiv qaydada təyin edilməsi vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edən mühüm uğurlardan biridir.

“2027-ci ildə gözlənilən sosial artımlar Azərbaycanın mürəkkəb regional və beynəlxalq şəraitdə də sosial dövlət prinsiplərinə sadiq qaldığını göstərir. Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və Böyük Qayıdışın təmin olunması ilə yanaşı, vətəndaşların gəlirlərinin artırılmasının diqqətdə saxlanılması dövlət siyasətinin sosial mahiyyətini nümayiş etdirir. Prezident İlham Əliyevin açıqlaması bir daha göstərir ki, böyük dövlət xərclərinə və mürəkkəb geosiyasi çağırışlara baxmayaraq, vətəndaşın sosial müdafiəsi və rifahı dövlət siyasətinin mərkəzində qalır”, - deyə Cəsarət Hüseynzadə əlavə edib.