Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ələkbər İsgəndər oğlu Ələsgərov 3 sentyabr 1998-ci ildə Bakı şəhərində anadan olub.
QHT.az xəbər verir ki, o, 2015-2017-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. O, 2020-ci ilin Tovuz döyüşlərində general-mayor Polad Həşimovun şəhid olmasından sonra könüllü olaraq orduya yazılıb və sentyabrın 27-də başlanan Vətən müharibəsinə qatılıb. Ələkbər Ələsgərov Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 1 oktyabr tarixində Füzulinin Alxanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Ələkbər Ələsgərov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu şad olsun!






