Şəhid anası Gülyetər Zamanova oğlu – Vətən uğrunda canını fəda etmiş Səməd Bəhrəm oğlu Zamanovun xatirəsindən QHT.az-a danışıb.
Onun sözlərinə görə, şəhidlərin unudulmaması hər birimizin mənəvi borcudur və oğlu haqqında məlumatların ictimaiyyətə çatdırılması ailəsi üçün böyük önəm daşıyır.
Səməd Zamanov 4 iyul 1975-ci ildə Kəlbəcər rayonunun Milli kəndində anadan olub. Ailə məcburi köçkünlük dövrünədək Bərdə rayonunun Cəyirli kəndində yaşayıb. O, 17 may 1993-cü ildə Bərdə Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və ilk olaraq Bakı şəhərində yerləşən N saylı hərbi hissədə xidmətə başlayıb.
1993-cü il 26 dekabr tarixində hərbi hissə tərəfindən Ağdam rayonuna ezam olunan Səməd Zamanov həmin gecə — 26-dan 27-nə keçən saatlarda — Ağdam rayonunun Mərzili kəndi istiqamətində gedən ağır döyüşlərdə itkin düşüb.
Həmin dövrdə hərbi hissənin təqdim etdiyi məlumata görə, döyüşdə iştirak edən 31 əsgərdən 4-ü minaya düşərək şəhid olub. Şəhidlər arasında Səməd Zamanovun da olduğu bildirilsə də, ərazinin döyüş şəraiti səbəbindən nəşlərin götürülməsi mümkün olmayıb. Döyüşə qatılan digər 27 hərbi qulluqçu barədə bu günə qədər məlumat əldə edilməyib.
Şəhid anası Gülyetər Zamanova bildirir ki, “insan itirdiyini unudana qədər axtarır, biz isə oğlumuzu qəbr evinə gedənə qədər unutmayacağıq”. O, bütün şəhidlərə Allahdan rəhmət, qazilərə can sağlığı arzulayır və Vətənin bir daha müharibə yaşamamasını diləyir.






