Mən bu torpaq uğrunda oğlunu torpağa vermiş bir anayam. Hər gün evimin divarları oğlumun səsinə həsrətdir. Mən hələ də onun əsgər çantasını açmamışam — çünki o qoxu getsə, mən də yaşamaram.
Belə bir acının içində yaşayarkən, bir müğənninin çıxıb Ermənistana 12 bal verməsi mənə bıçaq kimi batdı. Bu təkcə bir xal deyildi… Bu, şəhidlərin qanına qarşı göstərilən biganəlik idi. O xal mənim oğlumun qanına qondu sanki.
Bəlkə o müğənni üçün səhnə bir şoudur, amma mənim üçün oğlumun tabutunun üstündə dalğalanan bayraq hələ də gözümün önündən getmir. Mən hələ də o qara günün səsini qulaqlarımdan silə bilməmişəm. Ona görə də belə addımlar bizi yaralayıb keçib gedə bilməz.
Bizim uşaqlar bu torpağı qorumaq üçün can qoydu. İndi isə tanınmış insanların bu dərdi görməməsi, xalqın qanayan yerinə toxunmaması gözləniləndir… amma bəziləri bunu belə başa düşmür. Sanki bizim oğullarımız boşuna şəhid olubmuş kimi davranılır.
Mənim oğlumun həyatı bir mahnının, bir şounun kölgəsində itib getməyəcək. Biz — şəhid anaları — hər kəsdən yalnız bir şeyi istəyirik: şəhidin ruhuna hörmət. Xalqın yarasına yanğı. Ağıllı, ölçülü-biçili davranış.Əgər səhnəyə çıxan bir insan xalqın ağrısını hiss etmirsə, o səhnə artıq parlamır — sönür.
Çox heyif çox...
Tünzalə Abduləlimova
"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri






