Respublikanın bir sıra regionlarında dövlət qurumları və beynəlxalq təşkilatlar tərəfindən aparılan təhlillər gender əsaslı zorakılıq halları ilə bağlı maarifləndirmə və məlumatlandırma işlərinə ehtiyacın hələ də böyük olduğunu göstərir. Bölgələrdə bəzi hallarda qadınların öz hüquqlarını bilməməsi və hüquqi dəstək imkanlarına çıxışın məhdud olması bu mövzunun aktuallığını daha da artırır.

QHT.az xəbər verir ki, bu məqsədlə, dekabrın 19-da BMT-nin Əhali Fondu ilə əməkdaşlıq çərçivəsində Hüquq və İnsan Haqları İnstitutu “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda Ağcabədidə təlim təşkil edib. Tədbir bölgədə cəmiyyətin maarifləndirilməsi və qadınların hüquqi biliklərinin artırılmasına yönəlmiş mühüm bir addım olub.

Ağcabədi Rayon İcra Hakimiyyətinin texniki dəstəyi ilə keçirilən təlim zamanı iştirakçılara gender əsaslı zorakılığın növləri, hüquqi müdafiə mexanizmləri və zorakılığın qarşısının alınması üçün ictimai dəstəyin əhəmiyyəti və vacibliyi haqqında ətraflı məlumat verilib. İştirakçılara qadınların zorakılıq hallarında müraciət edə biləcəkləri hüquqi və psixoloji dəstək mərkəzləri barədə geniş məlumatlar da təqdim olunub.

Məlumatlandırma çərçivəsində 20 iştirakçı mövzu üzrə real həyat nümunələri əsasında aparılan müzakirələrdə fəal iştirak edərək, həm də praktiki tövsiyələr alıblar. Iştirakçılar sertifikatlarla təltif olunub.