BMT-nin Əhali Fondu (UNFPA) ilə əməkdaşlıq çərçivəsində Hüquq və İnsan Haqları İnstitutunun Samux rayonunda təşkil etdiyi “Gender əsaslı zorakılıq əleyhinə mübarizə” adlı kaskad təlim uğurla başa çatıb. Təlimin keçirilməsində Samux Rayon İcra Hakimiyyəti təşkilati dəstək göstərib.

Təlimin əhəmiyyəti barədə "Təmas" Regional İnkişaf İctimai Birliyinin sədri Südabə Məmmədova QHT.az-a özəl açıqlama verib:

"İnsan haqları İnstitutunun bu kaskad təlimləri çox böyük əhəmiyyətə malik idi. Burada aidiyyəti qurumların nümayəndələri, o cümlədən psixoloqlar və məktəb müəllimləri həm sosial normalarda edilə biləcək dəyişikliklər, həm də qanunvericiliklə yaxından tanış oldular. Bu biliklər onların gələcəkdə gender əsaslı zorakılıqla mübarizədə daha təsirli addımlar atmaları üçün əvəzsiz bir imkan yaradır. İştirakçılar bu təlimlərin gələcəkdə kəndlərdə və regionlarda daha tez-tez təşkil olunmasını zəruri saydılar."

QHT sədri qeyd edib ki, bu kimi təşəbbüslər bölgələrdə sosial problemlərin həllinə mühüm töhfə verir və gender bərabərliyinin təmin olunmasına yönələn praktiki addımlar üçün zəmin yaradır.

Qeyd edək ki, təlimin məqsədi bölgələrdə gender bərabərliyini təşviq etmək, zorakılığa qarşı mübarizəni gücləndirmək və cəmiyyətin bərabər hüquqlara malik üzvləri üçün sağlam mühitin yaradılmasına töhfə vermək olub. Ümumilikdə 20 nəfər təlimi uğurla başa vuraraq sertifikatla təltif olunub.

 

Pərvanə Fərhadqızı

QHT.az