Samsung-un 22 iyul tarixində keçiriləcək Galaxy Unpacked tədbiri öncəsi şirkətin hazırladığı ağıllı eynəklə bağlı yeni məlumatlar ortaya çıxıb. Sızdırılan məlumata görə, cihaz Google, Warby Parker və Gentle Monster ilə əməkdaşlıq çərçivəsində hazırlanıb və Android XR əməliyyat sistemi ilə işləyəcək.
QHT.az xarici mediaya istinadən bildirir ki, ağıllı eynək Qualcomm Snapdragon AR1 Gen 1 prosessoru ilə təchiz olunacaq. Maraqlı məqamlardan biri isə cihazda daxili ekranın olmamasıdır. Bunun əvəzinə Samsung əsas diqqəti Google Gemini süni intellekt texnologiyalarına yönəldib.
Eynəyin çərçivəsinə yerləşdirilən iki kamera istifadəçinin ətraf mühitini analiz edəcək. Süni intellekt vasitəsilə görüş zamanı lövhədə yazılan məlumatların tanınaraq avtomatik Samsung Notes tətbiqinə köçürülməsi, canlı tərcümə, naviqasiya dəstəyi və kameradan görüntünün paylaşılması kimi funksiyaların təqdim ediləcəyi bildirilir. İstifadəçilər həmçinin eynəyin yan hissəsində yerləşən sensorlar vasitəsilə səsli əmrlərlə Gemini-ni idarə edə biləcəklər.
Sızdırılan məlumata görə, cihaz bir enerji doldurması ilə 9 saata qədər işləyə biləcək. Bundan əlavə, şarj qutusunun eynəyi yeddi dəfə əlavə enerji ilə doldurma imkanı təqdim edəcəyi qeyd olunur.
Qeyd edək ki, Samsung ağıllı eynəyin qiyməti və satış tarixi barədə hələ rəsmi məlumat açıqlamayıb. Şirkətin bu gün keçiriləcək Galaxy Unpacked tədbirində cihazla bağlı daha ətraflı məlumat verməsi gözlənilir.






