Apple-ın iPhone seriyasının 20 illiyinə həsr olunacağı gözlənilən iPhone 20 Pro Max modeli ilə bağlı yeni detallar ortaya çıxıb. Sızdırılan məlumata görə, şirkət təxminən 6,96 düymlük ekran üzərində işləyir. Bu göstərici hazırkı Pro Max modelindən bir qədər böyük olsa da, cihazın ölçülərinin istifadə rahatlığını qoruyacağı bildirilir.
QHT.az xarici mediaya istinadən bildirir ki, məlumata əsasən, Apple yeni nəsil smartfonda dörd tərəfdən əyri (quad-curved) ekran dizaynından istifadə etməyi planlaşdırır. Bu yanaşma ekran çərçivələrinin demək olar ki, tamamilə aradan qaldırılmasına imkan verə və istifadəçilərə daha geniş görüntü sahəsi təqdim edə bilər.
Sızmalarda həmçinin mexaniki düymələrin yerini toxunma hissi yaradan solid-state düymələrin ala biləcəyi iddia olunur. Bundan əlavə, Face ID sisteminin ilk dəfə ekranın altına yerləşdirilməsi, Ceramic Shield qoruyucu texnologiyasının yan çərçivələri də əhatə etməsi və batareya tutumunun 6 000 mAh-a qədər artırılması ehtimalları da səsləndirilir.
Digər iddialara görə, Apple uzun müddətdir gözlənilən əks simsiz enerji paylaşımı (reverse wireless charging) funksiyasını da 20 illik yubiley münasibətilə təqdim edə bilər.
Qeyd edək ki, bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib və sızdırılan məlumatlara əsaslanır. Apple şirkətinin iPhone 20 seriyasını gələn il təqdim edəcəyi gözlənilir.






