Şamaxıda “4-cü sənaye inqilabı texnologiyalarının iqlim dəyişikliyi ilə mübarizədə rolu” mövzusunda tədbir keçirilib. Tədbirin əsas məqsədi dövlət məmurları, BMT əməkdaşları, texnologiya mütəxəssisləri, və elm adamları arasında işgüzar əlaqələri genişləndirmək olub.

QHT.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və BMT-nin Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə müxtəlif maraqlı tərəflər iqlim böhranına qarşı texnologiyanın potensialını araşdırıblar.

Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Muradlı rayonda tətbiq olunan layihələr haqqında məlumat verib. 4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində aparılan işləri vurğulayıb. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasından (UNFCCC) cənab Niklas Svenningsen isə texnologiyanın COP29-un məqsədlərinə nail olunmasında həlledici rol oynadığını bildirib.

Tədbirdə müxtəlif mövzularda təqdimatlar və "Dayanıqlı inkişaf üçün texnologiyaların inteqrasiyası" mövzusunda panel sessiyası keçirilib. Tədbirin nəticələri COP29-un daha geniş hədəflərinə töhfə vermək məqsədi daşıyıb.