ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” markalı neftin 2024-cü ilin oktyabr müqaviləsinin dəyəri 0,03% artaraq 1 barel üçün 76.07 ABŞ dolları təşkil edib. Bu artım Azərbaycan iqtisadiyyatı üçün hansı nəticələr doğuracaq və ölkənin gəlir və xərclər balansına necə təsir edəcək?

Bu mövzu ilə bağlı QHT.az-ın suallarını cavablandıran iqtisadçı-ekspert Eyyub Kərimli qeyd etdi ki, “Brent” neftinin qiymətindəki bu cüzi artım Azərbaycan üçün əhəmiyyətli bir dəyişiklik demək deyil. Ekspertin sözlərinə görə, dünya bazarlarında neftin qiymətləri tələb və təklif əsasında formalaşır və bu, qlobal iqtisadi şərtlərə bağlı olaraq dəyişir. Məsələn, ötən il neftin qiyməti 120 dollara yaxınlaşmışdı və hətta 100 dolları da keçmişdi. Lakin hazırkı qiymətlər Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulan 70 dollara yaxın olsa da, iqtisadiyyata mənfi təsir göstərə biləcək səviyyədə deyil.

Eyyub Kərimli Azərbaycan iqtisadiyyatının neft gəlirlərindən asılılığını azaltmaq üçün qeyri-neft sektorunun inkişafının vacibliyini vurğuladı. Onun fikrincə, alternativ və bərpa olunan enerji mənbələrinə, eləcə də digər qeyri-neft sahələrinə investisiyalar yatırılmalıdır. Bu, ölkəmizin neft bazarındakı dəyişkənliklərdən daha az təsirlənməsini təmin edə bilər.

Ekspert, Ukraynada davam edən müharibənin neftin qiymətlərinə təsir etdiyini və bu cür qlobal amillərin neft bazarında qiymət dəyişikliklərinə səbəb olduğunu bildirdi. Belə şərtlər altında qeyri-neft sektorunun inkişafı iqtisadiyyatın bu cür hallardan qorunmasında mühüm rol oynaya bilər. Eyyub Kərimli həmçinin 2024-cü ilin sonuna qədər dünya neft bazarındakı trendlərin proqnozlaşdırılmasının çətin olduğunu qeyd etdi. Buna baxmayaraq, ekspert hesab edir ki, Azərbaycanın qeyri-neft sektoru üzrə inkişaf strategiyasına yönəlik tədbirlər görülməsi və neft gəlirlərinin idarə olunmasında diqqətli yanaşma ölkə üçün ən real və təhlükəsiz ssenari olacaq.

Son günlər dolların qiymətinin artacağı və devalvasiya olacağı ilə bağlı yayılan xəbərlərə də toxunan Eyyub Kərimli bu cür məlumatların süni şişirdildiyini vurğulayıb. Onun sözlərinə görə, hazırda banklarda dollar satışında heç bir məhdudiyyət yoxdur və valyuta gəlirlərimiz kifayət qədərdir. Kərimli bildirib: “Bu xəbərlərin iqtisadi əsası yoxdur. Bütün banklar dolları açıq şəkildə satır və hər hansı bir məhdudiyyət tətbiq edilməyib.”

 

Pərvanə Fərhadqızı

QHT.az