Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın rəhbəri Elşad Məmmədov, QHT.az-a verdiyi açıqlamada, WTI markalı neftin qiymətindəki azalmanın Azərbaycan neft ixracına təsirlərini və bu kontekstdə ölkənin neft siyasətində hansı dəyişikliklərin edilməli olduğunu qiymətləndirib. Məmmədovun sözlərinə görə, neft qiymətlərinin dəyişməsindən daha çox neft hasilatının kəskin şəkildə azalması Azərbaycan üçün əsas problemə çevrilib.
Bu tendensiya uzun müddətdir müşahidə olunur və gözləntilər hasilatın gələcək aylarda da azalacağı yönündədir. Nəticədə, neft ixracından ölkəyə daxil olan valyutanın həcmi azalacaq və bu da iqtisadi resursların daralmasına səbəb olacaq. E. Məmmədov qeyd edir ki, neft qiymətlərinin sabit qalması OPEC+ formatı çərçivəsində aparılan hasilatın tənzimlənməsi prosesləri ilə bağlıdır.
Elşad Məmmədov bildirib ki, neft hasilatının azalması ölkənin iqtisadiyyatının şaxələndirilməsinin və digər sahələrin inkişafının nə dərəcədə vacib olduğunu bir daha göstərir: "Bu baxımdan, hökumət neft gəlirlərinin idarə olunmasında diqqətli olmalı və iqtisadiyyatın müxtəlif sahələrinə investisiya yatırmaqla neftdən asılılığı azaltmağa çalışmalıdır. 2024-cü ilin sonuna qədər dünya neft bazarında böyük dəyişikliklər gözlənilmir, amma vəziyyətin sabit qalması üçün iqtisadiyyatın dayanıqlılığını artırmaq vacibdir. Azərbaycanın iqtisadi strategiyası bu dəyişikliklərə uyğunlaşmalı və neft gəlirlərinin azalması ilə bağlı risklərə hazır olmalıdır".
Pərvanə Fərhadqızı
QHT.az










