Güclü külək şəraiti zamanı açıq havada görülən bəzi işlər təhlükəsizlik baxımından mütləq dayandırılmalıdır. Bu tələb Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq əlavələrində öz əksini tapıb.
Bu barədə QHT.az-a açıqlamasında əmək hüquqları üzrə ekspert Sahib Məmmədli danışıb.
Onun sözlərinə görə, Əmək Məcəlləsinin ikinci əlavəsində ilin soyuq və isti dövrlərində açıq havada, eləcə də isidilməyən örtülü binalarda işlərin hansı hallarda dayandırılmalı olduğu müəyyən edilib. Belə ki, havanın temperaturu normadan artıq yüksəldikdə və ya aşağı düşdükdə açıq havada görülən işlər dayandırılmalı, bu mümkün olmadıqda isə işçilərin təhlükəsizliyi üçün əlavə tədbirlər görülməlidir.
Ekspert bildirib ki, güclü külək zamanı da eyni qaydalar tətbiq olunur. Onun sözlərinə görə, küləyin gücü 6 bal və daha artıq olduqda quruda kranlarla görülən bütün işlər dayandırılmalıdır. Tikinti sahələrində isə görülən işin növündən asılı olaraq küləyin 2, 3 və ya 6 balı keçməsi müxtəlif işlərin dayandırılmasını zəruri edir.
Sahib Məmmədli qeyd edib ki, dənizdə aparılan işlər üçün daha sərt təhlükəsizlik tələbləri mövcuddur. Belə ki, küləyin gücü müəyyən edilmiş həddi keçdikdə kran gəmiləri ilə tikinti-quraşdırma və söküntü işləri, yükvurma və yükboşaltma əməliyyatları, qaynaq işləri, buruqların quraşdırılması və sökülməsi, eləcə də digər təhlükəli istehsalat prosesləri dayandırılmalıdır.
Ekspert vurğulayıb ki, bu tələblərin əsas məqsədi işçilərin həyat və sağlamlığının qorunması, istehsalat qəzalarının qarşısının alınması və əməyin mühafizəsi normalarına riayət olunmasının təmin edilməsidir.












