Gecə yarısı qəfil oyanıb yenidən yuxuya getməkdə çətinlik çəkirsiniz? Mütəxəssislər bildirirlər ki, bu hal əksər insanlar üçün tamamilə normaldır və narahatlıq doğurmaya bilər.

QHT.az xəbər verir ki, yuxu fizioloqu Stefani Romişevskinin sözlərinə görə, insanlara uzun illər fasiləsiz və birnəfəsə yatmağın düzgün olduğu aşılanıb. Halbuki yuxu təbabətində aparılan araşdırmalar göstərir ki, gecə ərzində qısa müddətli oyanmalar olduqca geniş yayılmış haldır.

BBC Türkçənin məlumatına görə, yuxu təxminən 90 dəqiqə davam edən dövrlərdən ibarətdir və bu dövrlər yüngül yuxudan dərin yuxuya qədər müxtəlif mərhələləri əhatə edir. Sağlam yetkin insanlar gecə ərzində bu dövrlər zamanı adətən iki-dörd dəfə oyanırlar.

Mütəxəssislər bildirirlər ki, bu oyanmaların əksəriyyəti cəmi bir neçə saniyə çəkir və insanlar çox vaxt bunu xatırlamırlar. Gecənin ilk yarısında dərin yuxu üstünlük təşkil etdiyi halda, səhərə yaxın yuxu daha yüngül olur. Buna görə də kiçik səs-küy, işıq və ya digər narahatlıqlar insanın oyanmasına səbəb ola bilər.

Araşdırmalara görə, əsas problem insanın tam ayılması və yenidən yata bilməyəcəyini düşünməyə başlamasıdır. Bu zaman oyanıqlığı artıran kortizol hormonunun səviyyəsi yüksəlir və yuxuya qayıtmaq daha da çətinləşir. Beyin oyanmanı narahatlıqla əlaqələndirdikdə isə bu proses daha da güclənə bilər.

Yuxu mütəxəssisləri gecə oyanan insanların təşvişə düşməməsini, saatı tez-tez yoxlamamasını və sakit qalmağa çalışmasını tövsiyə edirlər. Onların sözlərinə görə, qısa müddətli gecə oyanmaları sağlam yuxunun təbii bir hissəsidir.