Bakıda son günlər müşahidə olunan tozlu hava şəraitinin səbəbləri ilə bağlı danışan ekoloq Rövşən Abbasov bildirib ki, bu hal əsasən Abşeron yarımadasının quraq iqlimi, transsərhəd toz axınları və yerli mənbələrin təsiri ilə əlaqədardır. Onun sözlərinə görə, Mərkəzi Asiyadan gələn toz kütlələri, eləcə də Bakı ətrafındakı quraq ərazilər və daş karxanalarının fəaliyyəti şəhərdə havanın tozlanmasını artıran əsas amillərdəndir.

Ekoloq Rövşən Abbasov QHT.az- a açıqlamasında bildirib ki, Bakı və Abşeron yarımadasında tozlu hava şəraiti əsasən regionun quraq iqlimi ilə bağlıdır.

Onun sözlərinə görə, Abşeron yarımadası quraq iqlim qurşağında yerləşdiyi üçün burada tozlanma təbii hal hesab olunur. Bundan əlavə, Mərkəzi Asiyadan Xəzər dənizini keçərək Abşerona çatan transsərhəd toz kütlələri də havada tozun miqdarını artırır.

“Şimal bölgələrimizdə də bitki örtüyünün zəif olduğu, torpağın quru və tozlu olduğu ərazilər mövcuddur. Bu ərazilərdən qalxan tozlar da transsərhəd mənşəli tozlarla birlikdə hava keyfiyyətinə təsir göstərir”, – deyə ekoloq qeyd edib.

Rövşən Abbasov vurğulayıb ki, Bakı ətrafındakı quraq sahələr və fəaliyyət göstərən daş karxanaları da şəhərdə tozlanmanın artmasına səbəb olur.

“Daş karxanalarının fəaliyyəti nəticəsində yaranan toz küləyin təsiri ilə şəhərə daşınır və bu da xüsusilə küləkli günlərdə havada tozun miqdarını artırır”, – deyə o əlavə edib.