"Çalxanqala: qaçqınların qayıdış həsrəti" layihəsi çərçivəsində "Qərbi Azərbaycandan Etnik Təmizlənmənin Sonuncu Mərhələsi (1987-1991). Çalxanqalaya köç" kitabının təqdimatı keçirilir. 

QHT.az xəbər verir ki, təqdimat mərasimində çıxış edən Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri, deputat Sadiq Qurbanov Azərbaycanın hazırkı güclü mövqeyini vurğulayıb və tarixdən dərs alınmasının önəmini diqqətə çatdırıb. O, Azərbaycanın tarixdə heç olmadığı qədər güclü bir mərhələyə qədəm qoyduğunu qeyd edərək, bu mərhələnin dəyərini xalq olaraq bilməyin vacibliyini vurğulayıb: "Bizim bu günkü Azərbaycanımız çox güclü, tarixdə heç olmadığı qədər güclü bir mərhələyə qədəm qoyur və bu mərhələdən də biz millət olaraq, xalq olaraq bunun dəyərini bilməliyik. Necə ki, zamanında dəyərləndirmədiyimiz hadisələr sonradan faciə kimi üstümüzə qayıdır."

Deputat, təqdim edilən kitabın, Qərbi Azərbaycanda iki dəfə soyqırıma məruz qalan bir kəndin taleyini işıqlandırdığını bildirib. Sadiq Qurbanov, kitabda yer alan tarixi faktların ürəkağrısı ilə oxunduğunu vurğulayaraq, günahsız gənclərin faciəvi taleyindən bəhs edib. O, Əhməd Əhmədovun həyat hekayəsini xüsusi vurğulayıb və onun haqsızlıqlara məruz qaldığını ifadə edib: "Bu kitabda göstərilən bir kənddə iki dəfə soyqırım törədilir. Bu kitabda göstərilən tarixi faktların içərisində bəzən ürək ağrısız oxumaq olmur. Əhməd Əhmədovu, bir gənci bir imperiya necə məhv edir."

S.Qurbanov, Azərbaycanın keçmişdə yaşadığı faciələri xatırlayaraq, bu cür tarixi dərslərdən ibrət alınmasının vacibliyini qeyd edib və gələcək nəsillərə bu tarixin doğru çatdırılması üçün belə nəşrlərin əhəmiyyətini vurğulayıb. Tədbirdə Əhməd Əhmədovun yaxınları da iştirak edib və onun uğrunda mübarizə apardığı dəyərlər bir daha yad edilib.

 

Pərvanə Fərhadqızı