BMT-nin baş katibi vəzifəsinə namizəd Rebekka Qrinspan təşkilatın həddindən artıq mərkəzləşmiş və risklərdən yayınan struktura çevrildiyini bildirərək, baş katib seçiləcəyi təqdirdə “əhəmiyyətli islahatlar” aparacağını vəd edib. O, BMT-nin rəhbərliyində daha az resursun saxlanılmasını, daha çox vəsaitin ölkələrə yönəldilməsini və münaqişələrin həlli üçün daha çox siyasi riskin qəbul edilməsini təklif edir.

QHT.az xarici mediaya istinadən bildirir ki, Kosta-Rikanın keçmiş vitse-prezidenti və BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) rəhbəri olmuş Qrinspan BMT-nin öz əməkdaşları ilə bağlı problemlərin həllində də kifayət qədər fəal olmadığını düşünür. O, rəhbərliyə gələcəyi təqdirdə təşkilatın iş prinsiplərində dəyişikliklər edəcəyini bildirib.

Qrinspan sentyabrın 18-də keçirilən Təhlükəsizlik Şurasının son qeyri-rəsmi sorğusunda ən çox dəstək alan namizəd olub. O, 9 “dəstəklə” (“encourage”), 5 “əleyhinə” (“discourage”) səs alıb, 1 üzv isə fikir bildirməyib. Qayana nümayəndəsi Kerolayn Rodriges-Birkett 8 “dəstəklə” səs toplayıb. Çilinin keçmiş prezidenti Mişel Baçelet isə sorğudan sonra namizədliyini geri götürüb.

Qrinspan bazar ertəsi Devex-in prezidenti və baş redaktoru Raj Kumar ilə söhbətində BMT üçün baxışlarını açıqlayıb. O, resursların daha çox ölkələrə yönəldildiyi, inkişaf etməkdə olan ölkələrin hökumətlərinin real ehtiyaclarına daha çevik cavab verən və münaqişələrin həllində daha böyük siyasi risklərə getməyə hazır olan bir təşkilat modeli təklif edib.

Piranə Xasiyeva